Birləşmiş Millətlər Təşkilatı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) bildirib ki, Yəməndəki humanitar böhran bu il 17,3 milyon insanı əhatə edir.
Ednews "Al Jazeera" mediasına istinadən xəbər verir ki, BMT-nin Fövqəladə hallara qarşı tədbirlər üzrə Mərkəzi Fondu Yəməndə humanitar böhrandan zərər çəkənlərin ilkin ehtiyaclarını ödəmək üçün 18 milyon dollar ayırıb. BMT öz hesabatında qeyd edib ki, ölkədə aclığın qarşısını almaq, münaqişələr, iqtisadi çətinliklər və iqlim dəyişikliyi nəticəsində yaranan ərzaq təhlükəsizliyi problemini həll etmək üçün beynəlxalq səylər artırlılmalıdır.
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, bəzi bölgələr hələ də ciddi ərzaq çatışmazlığından əziyyət çəkir. Ölkədə aclıq yüksək həddə çatıb.
BMT-nin hesabatında o da qeyd olunub ki, körpə və azyaşlıların üçdə ikisindən çoxu düzgün qidalanmır, bu da beş yaşınadək uşaqlar arasında kəskin və xroniki xəstəliklərin artmasına səbəb olur. Yəməndə minlərlə insan əsas humanitar yardımdan məhrumdur.
İndiyədək Yəmənə humanitar yardım planı insanların ehtiyaclarını ödəmək üçün lazım olan məbləğin yalnız 23,5 faizi qədər maliyyələşdirilib.
Törə Zeynal