Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndələri arasında sülh danışıqları gözlənilir.
Ednews xəbər verir ki, bu barədə “Yenin Şafak” qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb.
Nəşr yazır ki, bütün dünyanın diqqətini çəkən Ukrayna prezidenti Vladimir Zelenskinin İstanbula səfəri Ankaranın mümkün sülhdə vasitəçi rolunu gündəmə gətirib.
Hərbi mənbə bildirib ki, həm Rusiya, həm də Ukrayna ilə aktiv dialoq aparan yeganə ölkə olduğu üçün Türkiyədə hər cür müsbət proseslərin irəliləyəcəyi mümkündür:
“Əgər sonda razılıq olarsa, bu razılaşma Türkiyədə olacaq. İstanbuldan başqa heç bir yerdə olma ehtimalı yoxdur. Bu şərtlərlə Rusiyanın başqa yerdə müqavilə bağlaması imkanı yoxdur. Türkiyənin hər iki tərəflə danışa bilən yeganə ölkə olması bu ehtimalı gücləndirir”.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 8-də Türkiyəyə səfər edib. Avqust ayında isə Rusiya lideri V.Putinin həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir.