İranın Pakistandakı silahlı dəstə Ceyş əl-Ədl təşkilatını raketlərlə hədəfə alması və 2 uşağın həyatını itirməsinə Pakistandan sərt reaksiya gəlib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, İslamabad administrasiyası İran tərəfindən öz hava məkanının əsassız şəkildə pozulmasını qətiyyətlə pisləyib və bəyan edib ki, onun suverenliyinin bu şəkildə pozulması tamamilə qəbuledilməzdir və ciddi nəticələrə səbəb ola bilər.
Qeyd olunub ki, Pakistan və İran arasında bir neçə rabitə kanalının mövcudluğuna baxmayaraq, bu qanunsuz əməlin baş verməsi daha da narahatedicidir. Pakistanın sərt etirazı artıq İranın Xarici İşlər Nazirliyinin müvafiq yüksək vəzifəli rəsmisinə ünvanlanıb.
“Bundan əlavə, İranın müvəqqəti işlər vəkili Pakistanın suverenliyinin belə açıq şəkildə pozulmasını qəti şəkildə pislədiyimizi və bunun nəticələrinə görə məsuliyyətin tamamilə İranın üzərinə düşəcəyini bildirmək üçün Xarici İşlər Nazirliyinə çağırılıb”, - deyə bəyanatda bildirilib.
Vurğulanıb ki, terrorizm koordinasiyalı fəaliyyət tələb edən bütün region ölkələri üçün ümumi təhlükədir. Bu cür birtərəfli hərəkətlər mehriban qonşuluq münasibətlərinə uyğun gəlmir və ikitərəfli etimadı ciddi şəkildə sarsıda bilər.
Oğuz