Gürcüstan parlamentinin bugünkü iclası deputatların davası ilə başlayıb.
Ednews Gürcüstan KİV-ə istinadən xəbər verir ki, müxalifət partiyası olan “Vətəndaşlar”ın deputatı Aleko Elisaşvili bildirib ki, hakim “Gürcü arzusu” partiyasının “Xarici agentlər haqqında” qanun layihəsini yenidən parlamentə təqdim etməsi hamı üçün təhqirdir. O, həmin sənədi “Rusiya qanunu" adlandırıb.
A.Elisaşvilinin bəyanatı hakim partiyanın deputatlarının hiddətinə səbəb olub və söz mübahisəsi davaya çevrilib.
Parlamentin sədri Şalva Papuaşvili deputatlardan “Rusiya qanunu” sözünü işlətməməyi tələb edib.
Sonra spiker Aleko Elisaşvilini iclas zalından bayıra dəvət edib.
Xatırladaq ki, ötən ilin martında qanun layihəsi gündəmə gəldiyi vaxt bu, genişmiqyaslı etirazlara səbəb olmuşdu. Sənəd müxalifət və Qərb siyasətçiləri tərəfindən qəbuledilməz adlandırılmışdı. ABŞ-ın Gürcüstandakı səfirliyi isə qanuna kəskin reaksiya vermiş, martın 7-ni “Gürcüstan demokratiyası üçün qara gün” adlandırmışdı. Səfirlik bəyan etmişdi ki, “Kremldən ilhamlanan” qanun layihələrinin müzakirəsini davam etdirmək Gürcüstanın Avropa ilə inteqrasiya istəyinə ziddir.
Əkbər