EDnews xəbər verir ki, Böyük Britaniyanın nüfuzlu “The Economist” jurnalı Ukrayna hökumətindəki mənbələrə istinadən bu barədə məlumat yayıb.
Jurnalın məlumatına görə, ötən həftə Prezident Volodimir Zelenski öz administrasiyasına tam atəşkəs əldə olunduqdan sonra seçkilərin təşkili ilə bağlı hazırlıqlara başlamaq göstərişi verib. ABŞ rəhbərliyi bu prosesin aprelin sonuna qədər baş tutacağına ümid edir.
Məlumatda qeyd olunur ki, prezident seçkilərinin keçirilmə ehtimalı Ali Radada mayın 8-dək baş tutmalı olan hərbi vəziyyətin uzadılması ilə bağlı səsvermənin nəticələrindən asılı ola bilər. Ekspertlərin fikrincə, hərbi vəziyyətin ləğvi ölkədə demokratik proseslərin bərpası istiqamətində atılan vacib addımlardan biri olacaq.
Eyni zamanda, jurnalın mənbələri bildiriblər ki, seçki kampaniyasının təxminən üç ay davam etməsi gözlənilir, çünki hakimiyyət seçici siyahılarının yenilənməsi ilə məşğul olacaq. Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko isə özünə qarşı tətbiq olunan sanksiyalara istinad edərək seçki prosesinin artıq başlandığını qeyd edib.
“The Economist” yazır ki, Poroşenkoya qarşı məhdudiyyətlərin tətbiqi onun ABŞ-yə səfəri və orada Prezident Donald Trampın yaxın çevrəsinin nümayəndələri ilə görüşü ilə bağlı ola bilər. Poroşenkonun sözlərinə görə, Zelenskinin köməkçiləri onu bu səfərdən çəkindirməyə çalışıblar.
Şəms Qasımlı // EDnews