Nikaraqua ölkənin müxalif qəzeti olan “La Prensa”ya mükafat verilməsinə görə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatından (UNESCO) çıxdığını elan edib.
“EDnews” xəbər verir ki , Nikaraqua hökuməti UNESCO-nun bu qərarını pisləyərək, onun “müstəmləkəçiliyin və imperializmin satqınlarına, kölələrinə və qullarına” üstünlük verdiyini, həmçinin təşkilatın “hər hansı obyektivlik hissindən tamamilə imtina etdiyini” bildirib.
UNESCO-nun Baş direktoru Odri Azule Nikaraqua hökumətinin qərarından təəssüfləndiyini bildirib. O əlavə edib ki, bu addım Nikaraqua xalqını xüsusilə təhsil və mədəniyyət sahələrində əməkdaşlığın faydalarından məhrum edəcək. Baş direktor deyib ki, təşkilat söz və mətbuat azadlığını müdafiə etmək üzrə mandatını tam şəkildə yerinə yetirir.
Dörd il əvvəl “La Prensa”nın rəhbərliyi həbs olunub və Nikaraquadan qovulub. O vaxtdan bəri nəşr Kosta- Rika, İspaniya, Meksika, Almaniya və ABŞ-da yerləşən komandaları ilə onlayn rejimdə fəaliyyət göstərir.
Fatimə Mərdanlı //EDnews