İsrail hakimiyyəti Qəzza zolağına doğru hərəkət edən və göyərtəsində məşhur isveçli ekofəal Qreta Tunberqin də olduğu “Madleen” adlı gəmini saxlayıb. Bu barədə İsrail Xarici İşlər Nazirliyi “X” (keçmiş Twitter) platformasında rəsmi məlumat yayıb.
Bəyanatda bildirilir ki, gəmi İsrail sahillərinə yönləndirilib və göyərtədəki sərnişinlər – o cümlədən Qreta Tunberq, Fransa, Türkiyə, Braziliya və İsveç vətəndaşları olmaqla ümumilikdə 12 fəal – öz ölkələrinə geri göndəriləcək. Nazirlik Tunberqi və digər fəalları təxribat yaratmağa cəhd göstərməkdə ittiham edib.
Bununla belə, İsrail tərəfi vurğulayıb ki, gəmidəki humanitar yük qanuni və rəsmi humanitar kanallar vasitəsilə Qəzza zolağına çatdırılacaq.
Qeyd edək ki, Qreta Tunberq son illərdə iqlim dəyişiklikləri ilə yanaşı, fələstinlilərin hüquqlarının müdafiəsi ilə bağlı da müxtəlif aksiyalarda iştirak edib. Onun iştirakı ilə baş tutan bu səfər də beynəlxalq ictimaiyyətin diqqətini Qəzzada humanitar vəziyyətə yönəltmək məqsədi daşıyırdı.
Fatimə Şükürova // EDnews