Haitidə ölkənin cənubunu dağıtmış Metyu qasırğasından sonra 3 günlük matəm elan olunub.
Hökümətin verdiyi məlumata görə, azı 900 nəfərin öldüyü güman edilir. Bundan başqa, on minlərlə ev dağılıb və 350 min insanın yardıma ehtiyacı var.
Bir neçə insanın vəfat etməsi ilə nəticələnmiş vəba xəstəliyi əsas qorxulardandır.
ABŞ-ın cənub-şərqindən keçmiş Metyu qasırğası burada 10 nəfəri öldürüb.
Qasırğa Florida, Georgia və Karolinalarda evlərin dağılmasına, kommunikasiya xətlərinin kəsilməsinə və daşqınlara səbəb olub.
Milli Qasırğa Mərkəzi səhər saat 9-da (Bakı vaxtilə) bildirib ki, qasırğanın sürəti saatda 30 kilometrə düşərək şimal-şərqə- dənizə doğru gedir.