Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının Soçi sammitində iştirak edir.
Sammitdə iştirakçı dövlətlər arasında Ermənistan prezidenti Serj Sarkisyan da var. Sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyi haqda ehtimallar səsləndirilsə də bununla bağlı heç bir rəsmi məlumat yoxdur. Dövlət başçısının Soçi səfərindən gözləntilərlə bağlı Eurasia Diary-yə danışan millət vəkili Elman Nəsirov deyir ki, prezidentlərin görüşəcəyini indidən demək çətindir.
“Amma bir həqiqət danılmazdır. Bu da ondan ibarətdir ki, prezident İlham Əliyev istənilən ali kürsüdə, istənilən imkandan maksimum faydalanır ki, Ermənistan-Azərbaycan, Daqlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırsın. Eyni zamanda Ermənistanın işğalçılıq siyasəti, onun ağır nəticələri, Azərbaycanın münaqişənin həlli ilə bağlı dəyişməz mövqeyini də Prezident İlham Əliyev hər zaman bəyan edir”.-deyə Elman Nəsirov əlavə edib. Millət vəkili onu da qeyd edib ki, beynəlxalq hüququn ərazi bütövlüyü prinsipi beynəlxalq səviyyədə ən vacib məqam kimi qəbul edilir. Azərbaycan prezidenti dəfələrlə qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa ən yüksək status verməyə hazırıq.
O ki, qaldı prezidentlərin görüşüb-görüşməyəcəyi məsələsinə, millət vəkilinin sözlərinə görə, görüşün yerini və vaxtını həmsədrlər ümumi müzakirələrdən sonra təklif edirlər. Hələlik isə görüş vaxtı və yeri açıqlanmayıb. Soçidə görüş olacağı ilə bağlı isə sadəcə mülahizə var.