İran Prezidenti Həsən Ruhani Bakıya siyasi məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etməyə gəlməyib.
Bu sözləri İran Prezidenti Həsən Ruhaninin Bakıya səfərini şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi qeyd edib ki, Bakıda əsas müzakirə mövzusu Şimal-Cənub nəqliyyat xətti və Astara-Rəşt dəmir yolunun tikintisi üçün Azərbaycanın İrana ayıracağı 500 milyon dollar kreditin rəsmiləşdirilməsidir:
“İran-Azərbaycan münasibətləri tarixində bu, bir ilkdir. İrana heç bir dövlət böyük yatırım qoymur. Əgər bu layihə Azərbaycanın geosiyasi və geoiqtisadi maraqlarına cavab verməsəydi, Bakı da bunu etməzdi. Azərbaycan Şimal-Cənub layihəsi vasitəsilə Ermənistanın təcridini gücləndirir, İran isə özü təcriddən çıxmağa çalışır. Demək, Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycan üçün vacib olduğu qədər İran üçün də mühüm əhəmiyyət kəsb edir. Birincisi, İran bu dəmir yolu vasitəsilə Avropa bazarlarına birbaşa çıxış imkanı qazanacaq. Bu xəttin Bakı-Tiflis-Qars dəmiryoluna birləşməsi də mümkündür. İkincisi, Tehran bu layihələrə qoşulmaqla Amerikanın İranı təcridetmə siyasətini zəiflədəcək. Ona görə Tehran bu layihəyə və verilən kreditə görə bizə minnətdar olmalıdır”.
Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani bu gün Bakıya gəlib.