10 noyabrda imzalanmış üçtərəfli müqaviləyə əsasən işğal olunmuş Kəlbəcər və Ağdam rayonlarını tərk edən ermənilər daşınmaz əmlakını yandırır, yağmalayır, tarixi və mədəni abidələri talayır, ağacları kəsib özləri ilə aparır, mal-qaranı tələf edir və s. vandalizm aktları törədirlər. Bölgədə təhlükəsizliyin təmin edilməsi vəzifəsini icra edən Rusiya sülhməramlıları isə ermənilərin bu hərəkətlərini görməzdən gəlirlər. Erməni vəhşiliyinin beynəlxalq media orqanlarında işıqlandırılmasına rəğmən, beynəlxalq qurumlar onların bu qanunsuz hərəkətləri barədə hüquqi tədbirin görülməsi istiqamətində heç bir səy göstərmirlər. Hüquqşünas ekspert Fərhad Mehdiyev Eurasia Diary-ə açıqlamasında məsələnin hüquqi aspektini izah edib.
“Müharibə zamanı talançılıq, hərbçilər üçün qadağan olduğu kimi mülki şəxslər üçün də Konvensiya öz qüvvəsini qoruyur. Bu cür qanunsuz hərəkətlərin qarşısını isə ərazi kimin faktiki yurisdiksiyasındadırsa o almalıdır. Hazırda ərazi bizim yurisdiksiyamızda olsa da, faktiki bizim nəzarətimiz altında deyil. İndiki vəziyyətdə bu rus sülhməramlılarının səlahiyyətindədir.
Əslində, rus sülhməramlıların missiyası tərəflər arasında qarşıdurmaya nəzarət etməkdir. Buna baxmayaraq, ərazidə Azərbaycan polisi olmadığına görə, beynəlxalq hüququn hər hansı bir pozuntusunun qarşısını almaq öhdəliyi rus sülhməramlısının üzərindədir”, ekspert vurğulayıb.
Hüquqşünas qeyd edib ki, ermənilər tərəfindən ən son törədilən ziyanlar təzminata daxil ediləcək.
“Heç bir şübhəniz olmasın. Vurulan ziyan hesablanmalı və təzminata daxil edilməlidir”, ekspert əlavə edib.