Bir qələbə və bir məğlubiyyət Hələbdən Palmiraya və Mosula qədər

Analitika 20:08 04.01.2017
Suriyada savaş getdikcə fərqli məzmun kəsb etməyə başlayır, çünki burada ərazilər əldən-ələ keçməkdə davam edir. Hökumət qüvvələri hansısa bir yeri azad edirsə, başqa istiqamətdən ağır zərbələr alır. Sanki ssenarisi əvvəlcədən yazılmış bir geosiyasi-hərbi oyun gedir. Hələlik tərəflərdən heç biri tam üstünlük əldə edə bilmir. Rusiyanın dəstəyi ilə Bəşər Əsəd ordusu xeyli ərazi azad etsə də, onun necə qorunacağı məsələsi aydın deyildir. Bunun fonunda Hələbin müxalifətin əlindən alınmasının sevinci uzun sürmədi – "Yaxın Şərqin mirvarisi" sayılan Palmiranı İŞİD yenidən zəbt etdi. B.Əsədə bağlı qüvvələr sürətlə şəhəri tərk etməli oldular. Bundan başqa, İŞİD-ə qarşı Mosulda aparılan əməliyyat da uğurlu görünmür. Bir sıra ekspertlər hesab edirlər ki, Suriya ordusunun hissələri azad etdikləri ərazilərdə qətliam törədirlər. Bu da sadə insanların İŞİD-in tərəfinə keçməsinə səbəb olur. Belə çıxır ki, hay-küylə başlayan hərbi əməliyyatlar digər səbəblərdən səmərəliliyini itirməyə başlayıb. Bəs çıxış yolu nədədir? Suriyada qan axıdılmasının qarşısını kim ala biləcək?
 
Ləng irəliləyiş, sürətli qaçış: Əsəd ordusunun bir sindromu haqqında
 
Hələbin Bəşər Əsədə bağlı silahlı qüvvələr tərəfindən zəbt edilməsindən sonra Suriyada sülhün yarana biləcəyinə ümidlər tamamilə puç oldu. Dəməşqi dəstəkləyən Moskva və Tehranın sevinci elə də uzun sürmədi. Bu ölkələrin kütləvi informasiya vasitələrində bir neçə gün davam edən qələbə raportları indi baş verənlərin analizi ilə əvəz edilib. Məsələ heç də Rusiya-İran-rəsmi Dəməşq hərbi ittifaqının zəifliyində deyil. Əksinə, proseslər göstərir ki, bu, Suriyada vəziyyəti dəyişə biləcək potensiala malik ittifaqdır. Ancaq reallıqda döyüş səhnəsinə daha çox faktorlar təsir edə bilir. Onun təsdiqi kimi İŞİD-in Hələb itirilən anda Palmiranı sürətlə Əsəd tərəfdarlarından təmizləməsini göstərmək olar.
 
Analitiklər bu məqamı xüsusi qeyd edirlər. Çünki Rusiya, İran və Qərb siyasi dairələrinin məruzələrində İŞİD-in çox zəiflədiyindən, artıq əvvəlki kimi döyüşmək imkanına malik olmadığından bəhs edilir. Digər tərəfdən, Palmiranın məhz Hələbin çöküşü ilə eyni vaxtda yenidən terror qruplaşmasının əlinə keçməsi müəyyən suallar doğurur. Özü də Rusiya aviasiyası və İranın seçmə əsgərləri İŞİD-in qarşısını kəsə bilməyib. Bu, nə deməkdir?
 
Mütəxəssislər bir neçə səbəb göstərirlər. Öncə onu vurğulayırlar ki, Hələbin alınması ilk növbədə Rusiya hərbi dairələrinin xidməti ilə bağlıdır. Çünki təcrübə göstərir ki, müharibədə Rusiya əməliyyatları təşkil edib həyata keçirməkdə Suriya ilə İrandan xeyli üstündür. Artıq Suriyada Rusiyanın yalnız aviasiyası deyil, zabitləri, həkimləri, kəşfiyyatçıları və xüsusi təyinatlıları da iştirak edirlər. Ruslar işə bu cür qarışandan sonra B.Əsəd ordusu irəliləyə bilib.
 
Bununla yanaşı, ekspertlər vurğulayırlar ki, bu uğur Moskvanın özündən razılıq hissini gücləndirib və sayıqlıq itirilib. Digər tərəfdən, Qərb siyasi dairələri və mediası İŞİD haqqında yanlış informasiyalar yayıblar. Belə ki, onlar bu terror təşkilatının gücünü xeyli itirdiyi barədə müntəzəm xəbər veriblər. Buna rəğmən, konkret heç bir addım atılmayıb. ABŞ əsas olaraq kürd qruplaşmalarını yeni silahlarla təmin edib. Son məlumatlara görə, artıq PKK/PYD-də amerikanların ağır silahları, "Stinger" hava hücumundan müdafiə sistemi və zirehli avtomobillərə qarşı istifadə olunan raketləri vardır.
 
Qərbin bu addımları Rusiya üçün aldadıcı manevrlərmi olub? Burada xüsusi məqsədləmi hərəkət ediblər? İndi bir sıra ekspertlər bu suallara müsbət cavab verməyə meyllənirlər. Bu kontekstdə Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin aşağıdakı fikri diqqəti çəkir. O Hələbin çöküşündən dərhal sonra deyib: "Dəməşqdəki rejim və onu hərbi vasitələrlə dəstəkləyənlər – Rusiya və İran Hələbin avtomatik olaraq Suriya münaqişəsində dönüş nöqtəsi olması illüziyasına qapılıblar. Əlbəttə, Hələbin çöküşü ciddi hadisədir, buna şübhə yoxdur. Ancaq mən düşünürəm ki, əgər bunu Dəməşqdə vətəndaş müharibəsinin sonu sayırlarsa, bu, tezliklə illüziya olacaq".
 
Diplomatların bu cür fikirlərinə ABŞ-ın radikal qruplara yeni silahlar satması ilə eyni məntiqi çərçivədə baxsaq, aydın olar ki, söhbət hansısa sistemli və düşünülmüş fəaliyyətdən, ciddi bir prosesdən, vətəndaş müharibəsindən gedir. Bu mənada Palmiranın yenidən İŞİD-in nəzarətinə keçməsi Dəməşqə konkret siqnaldır. Təbii ki, Moskva və Tehran da ondan lazımi nəticələr çıxarmağa məcburdurlar. Ekspertlərə görə, Rusiya və İran əmin oldular ki, sırf hərbi yolla terrorun qarşısını ala bilməyəcəklər. Onların orada sərf etdiyi güclə qazancları arasında ciddi uyğunsuzluq vardır. Çünki uzun müddət savaşıb azad etdikləri əraziləri İŞİD heyrətedici sürətlə geri ala bilir.
 
Hələb-Palmira-Mosul xətti: kimin kabusu?
 
Palmira ilə yanaşı, Mosulda da vəziyyət arzu edilən deyil. Orada ilk günlər sürətlə irəliləyən İraq ordusu və onun müttəfiqləri artıq yerlərində sayırlar. Rakkadan da söhbət getmir. Oraya olacaq hücum planı Palmira küçələrində ilişib qalıb. İndi düşünürlər ki, Rakka, yaxud Mosul, İdlib alınsa belə, onları əldə saxlaya biləcəklərmi? Bu suala konkret cavab verən yoxdur. Qərb indi daha çox PYD-nin nəzarətində olan təhlükəsizlik zolağının yaradılmasından danışır.
 
Lakin bu qruplaşmanın həmin vəzifənin öhdəsindən gəlməsi mümkün deyildir. Çünki, birincisi, Türkiyə PYD-ni terror təşkilatı adlandırır və onu daim vurur. İkincisi, Türkiyənin özünün təhlükəsizlik zolağı planı vardır. "Fərat qalxanı" əməliyyatının əsas məqsədi bunu təmin etməkdən ibarətdir. Deməli, söhbət faktiki olaraq Suriyada Türkiyə-Qərb qarşıdurmasından gedə bilər. Çətin ki, tərəflər buna getsinlər. İkincisi, rəsmi Dəməşq və bir sıra müxalif qruplar kürd qruplaşmasının aktivləşməsini qəbul etmirlər. Onlar PYD də daxil olmaqla kürdlərin təşkilatlarının bir yerə qədər təsirli olmasını istəyirlər. Bu səbəbdən təhlükəsizlik zolağına qarşı Bəşər Əsəd və bəzi radikal qruplar da çıxış edəcəklər. Deməli, faktiki olaraq ABŞ-ın bu planı vəziyyəti yaxşılaşdırmağa, münaqişəni aradan qaldırmağa yox, daha xaotik bir vəziyyət yaratmağa xidmət edir.
 
Məsələyə regionda marağı olan başqa dövlətlərin fəaliyyəti aspektində baxdıqda da, bir qarışıqlıq görünür. Belə ki, Fransa, Səudiyyə Ərəbistanı, İsrail və başqa ölkələrin Suriya məsələsində öz maraqlarının olduğu sirr deyil. Fransa son zamanlar xeyli passivləşib, Səudiyyə Ərəbistanının başı isə Yəməndəki münaqişəyə qarışıb. Türkiyə özü xüsusi hərbi əməliyyat keçirir, ancaq ərazisindəki terror aktlarından da zərər görməkdədir. Buna baxmayaraq, hələlik Ankara yuxarıda sadalanan ölkələrdən daha çox Suriya proseslərinə təsir edə bilir. Ankaranı Rusiyanın da müəyyən məsələlərdə dəstəkləməsi ona əlavə üstünlük verir.
 
Bütün bunlar ekspertləri belə nəticəyə gətirir ki, Dəməşqin ərazi azad etmək limiti tükənmək üzrədir. Müəyyən şərtlər daxilində hansısa yaşayış məntəqəsi azad olunsa belə, onun əldə saxlanması problemi daimi olacaq. O halda bir neçə ssenari ola bilər.
 
Onlardan biri Rusiya və İranın Suriyaya yeni hərbi qüvvələr göndərməsi ilə bağlıdır. Onu reallaşdırmaq isə xeyli risklidir. Çünki sanksiyalar altında qalan Rusiya və hələ də özünə gələ bilməyən İran üçün bu, ağır yükdür. Bu səbəbdən həmin ssenarinin reallaşması ehtimalı yüksək görünmür. Başqa ssenari yeni ərazi azad etmək məqsədindən əl çəkərək danışıqlara üstünlük verməkdən ibarətdir. Bu da kifayət qədər mürəkkəb prosesdir. Çünki böyük qüvvələr öz maraqlarını gözləyəcəklər ki, proses də uzanacaq. Yaranmış boşluqdan istifadə edən müxaliflər və rəsmi Dəməşq yeni səviyyədə silahlı toqquşmalara rəvac verə bilərlər. Bu da regionu daha dərin böhrana sürükləyə bilər.
 
Nəhayət, üçüncü ssenariyə görə, Rusiya hər şeyi necə varsa, qoyub Suriyanı tərk edə bilər. Bu isə Moskvanın qanlı olaylar arasında qalması demək olardı. Çətin ki, Kreml bu variantı qəbul etsin.
 
Bunlar onu təsdiqləyir ki, Suriyanın ikinci iri şəhərinin böyük dağıntılarla hökumət qüvvələrinin əlinə keçməsi faktiki olaraq heç nəyi həll etmir. Sadəcə, münaqişə yeni səviyyədə və fərqli qüvvələr nisbəti ilə başqa məzmun kəsb edir. Görünür, bu proses uzun müddət davam edə bilər. Böyük dövlətlər arasında konkret razılaşma olana qədər Suriyada qan töküləcəkdir. Belə bir risk var ki, Donald Tramp dövründə Yaxın Şərq daha böyük və geniş intriqalar meydanına çevrilsin. Buradakı hadisələrə region dövlətləri ilə yanaşı, digərləri də qarışa bilər. Hələb, Palmira və Mosul hadisələri daha çox bu müstəvidə düşünməyə məcbur edir. Suriyada müharibə bütün şiddətliliyi ilə davam edir.
 
Newtimes.az
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hamısı