18 oktyabr 2020-ci il tarixdə, saat 13.00 radələrində Ermənistan silahlı birləşmələri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edib Azərbaycan Respublikasının Xızı rayonunun ərazisində hərbi hədəf olmayan xam neft və kondensat ixrac edən kəmərləri hədəfə alıb.
Bununla bağlı Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Törədilmiş həmin cinayət nəticəsində neft ixrac edən və dağıdılması əhəmiyyətli maddi zərər vurulmasına səbəb ola bilən böyük ötürücülü xam neft və kondensat ixrac edən kəmərlər üçün təhlükəli şərait yaranmaqla infrastruktur obyektlərinə məxsus xüsusilə külli miqdarda əmlakların qəsdən məhv edilməsinə cəhd olunub.
Bununla bağlı prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq tədbirləri və prosessual hərəkətlər həyata keçirilir.