Rusiyadan ümidlərini tamamən üzən Ermənistan artıq qərbli müttəfiqlərə üz tutmağı ənənə halına salıb. Azərbaycandan uzanan əli düzgün tutmağı bacarmayan rəsmi İrəvan problemlərin birdəfəlik həlli yolunu özgə qapıları döyməkdə görür. Belə ki, Emənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə üçtərəfli görüş istəməsi bunu deməyə əsas verir.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətovun fikrincə, Nikol Paşinyanın Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşdırımasında Rusiyanın vasitəçiliyini həlledici görməməsidir. O, Ednews-a açıqlamasında qeyd edib ki, Paşinyan Qərbin iki tərəf arasındakı problemin həllinə yanaşmasını daha adekvat hesab edir.
“Ermənistanın hazırki hakimiyyəti üçün Rusiyanın regionla bağlı niyyətinin nədən ibarət olması məlumdur. Eyni zamanda, Paşinyan administrasiyasının son dövrlər atdığı bütün addımlar demək olar ki, Rusiyanın bölgədən sıxışdırlması ilə bağlıdır. Bu səbəbdən də Paşinyan məhz bütün danışıqlarda vasitəçi kimi Qərbi, yəni Avropa İttifaqını daha uyğun görür. Bundan əlavə, istər Ermənistanla Azərbaycan sərhədində, istərsə də Qarabağdakı Ermənistandan olan təxribatçı qüvvələrin yaratdığı narahatlıqları nəzərə alsaq, İrəvan bu günədək Rusiyanın vasitəçiliyi ilə razılaşdırılan istənilən danışıqların kəsərsiz olduğunu gördü”.
Samir Hümbətov eyni zamanda, Rusiyanın Qərbin vasitəçiliyindən xoşlanmadığı halda Moskvanın buna reaksiyası barədə də söz açıb. Ekspert Kremlin məsələdən kənarlaşdırıldığı təqdirdə onun cavab tədbiri olaraq bölgədə qeyri-stabilliyi saxlayacağı və ən azından sərhəddəki təmas nöqtələrində atəşkəsin dəfələrlə pozulmasına şərait yarada biləcəyini deyib.
“Xatırladım ki, bir neçə gün öncə Rusiya XİN nazirinin müavini açıqlamasında qeyd edib ki, Azərbaycanla Ermənistan arasındakı bütün danışıqlar 10 noyabr, 11 yanvar və 26 noyabr üçtərəfli bəyannamələrin konteksi çərçivəsində davam etdirilə bilər. Deməli Rusiya ilk öncə Brüsseldəki görüşə reaksiya olaraq bu müddəanı ön plana çıxara bilər. Təbii ki, burada digər tərəflər də iştirak edə bilər. Bu bir növ Qərbə bir ultimatum idi. Bu birbaşa Rusiyanın “mənim varlığım olmadan regionla bağlı heç bir danışıqdan söz gedə bilməz” deməsidir”.
Politoloq həmçinin Brüsseldə keçiriləcək görüşün əhəmiyyətindən də danışıb. O, Azərbaycanın haqlı bir mövqedə olaraq qalib ölkə olduğu üçün istənilən məkanda görüşdə iştirakının mühüm əhəmiyyət daşımadığını deyib.
“Görüş istər Brüsseldə, istər Soçidə, istərsə də Moskvada olsun, Azərbaycan hər zaman qalib dövlət statusu ilə istənilən görüşdə beynəlxalq qanun çərçivəsində öz instruktiv mövqeyini ortaya qoyub. Bu səbəbdən də görüşün Brüsseldə keçirilməsinin Azərbaycan üçün hər hansı bir əhəmiyyət daşıdığını düşünmürəm”,- deyə, S.Hümbətöv əlavə edib.
Elnur Ənvəroğlu