Qazaxın anklav olmayan 4 kəndinin təhvil verilməsindən sonra tərəflər arasında sülh istiqamətində aparılan danışıqların mahiyyəti haqqında nə demək olar? Azərbaycanın əsas prioritetləri nədən ibarətdir?
Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov Ednews-a fikirlərini bölüşüb.
Onun sözlərinə görə, ilk baxışdan elə görünə bilər ki, Qazaxın anklav olmayan 4 kəndinin təhvil verilməsindən sonra tərəflər arasında sülh istiqamətində aparılan danışıqlarda müəyyən pauza yarandı. Yəni son günlər aktiv görüşlərin keçirilməsi, delimitasiya və demakrasiya prosesinin həyata keçirildiyi barədə məlumatlara rast gəlmirik. Amma bu heç də danışıqların və ya sülh prosesinin dayandırılması anlamına gəlməməlidir.
“Ermənistanın Azərbaycanın təqdim etdiyi sülh layyihəsinin son təkliflərinə cavab verməsi danışıqların davam etdiyini göstərir. Amma Ermənistanda baş verən Arxiyepiskop qiyamının danışıqlara təsirsiz ötüşdüyünü də demək olmaz. Oradakı etiraz nümayişləri delimitasiya və demarkasiya tədbirlərini bir qədər ləngitdi. Amma hesab edirəm ki, bu ləngimə ümumi işin xeyrinədir və Paşinyan müxalifətlə növbəti qarşıdurmadan qalib çıxdı”.
Politoloq hesab edir ki, yaxın günlərdə, Qalstanyan hərəkatı tamamilə söndükdən sonra Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi istiqamətində danışıqlar yenidən vüsət alacaq:
“Delimitasiya və demarkasiya prosesi də qaldığı yerdən davam etdiriləcək. İndiki halda Azərbaycanın əsas prioriteti anklav olan digər 4 kəndin taleyinin həll olunmasıdır. Bu kəndlər Azərbaycana qaytarılmalı və sərhədin digər sahələrində olan mübahisəli məsələlər həll olunmalıdır. Bundan sonra və ya paralel olaraq kommunikasiyaların açılması və Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlərin yaradılması məsələləri gündəliyə gələ bilər”.
Oğuz