Sərhəd nədir? Xəritə üzərində çəkilmiş xətt, yoxsa ideoloji mövqe, psixoloji limit, hərbi gücün dayandığı son nöqtə? 2022-ci ilin fevralında Rusiya Ukraynanı işğal edəndə adi dövlətlərarası müharibə başlamadı – eyni zamanda, Qərbin ideoloji sərhədləri sınağa çəkildi. Bu sərhədlərin qoruyucusu olan NATO bu müharibədə müşahidəçi rolunda qala bilərdimi?
Ukrayna bugünkü dünya nizamında “nə Qərbdir, nə də Rusiya”, amma hər ikisinin təsir dairəsi üçün kritik əhəmiyyət daşıyır. Burada sual yaranır: NATO-nun sərhədləri coğrafi xətlərlə məhdudlaşır, yoxsa o, artıq dəyərlər, informasiya məkanı və texnoloji güc ilə genişlənən hibrid sistemə çevrilib?
Bu məqalədə Ukrayna müharibəsinin fonunda NATO-nun yeni sərhədlərinin necə formalaşdığını, bu prosesin Qərb-Rusiya münasibətlərinə necə təsir etdiyini və Ukraynanın bu tarixi döngədə oynadığı unikal rolu araşdırırıq.
Soyuq müharibənin soyuq varisi
1949-cu ildə yaradılmış NATO, II Dünya Müharibəsindən sonra Qərbin cavab mexanizmi kimi ortaya çıxmışdı. ABŞ və Avropa ölkələri SSRİ-nin yayılma siyasətinə qarşı “birimiz hamımız, hamımız da birimiz üçün” prinsipi ilə birləşdi. Bu prinsip – NATO-nun məşhur 5-ci maddəsi – təşkilatın onurğa sütunu oldu.
Əvvəlcə Şimali Atlantik regionunu əhatə edən bu hərbi blok tədricən genişlənərək Mərkəzi və Şərqi Avropanı da öz təsiri altına aldı. 1990-cı illərdə Varşava Paktının dağılması NATO-nun genişlənməsini labüdləşdirdi: Polşa, Macarıstan, Çexiya və sonra Baltikyanı ölkələr də bu alyansa qoşuldu.
Lakin bu genişlənmə təkcə təhlükəsizlik zərurəti deyildi – həm də siyasi və ideoloji ekspansiya idi. NATO artıq yalnız hərbi təşkilat yox, Qərbin demokratiya, azadlıq və liberal idarəçilik kimi dəyərlərinin simvoluna çevrildi. Bu isə Rusiyada ciddi narahatlıq yaratdı. Kreml bu prosesi öz ərazisinə, tarixi təsir zonalarına doğru irəliləyən “yumşaq işğal” kimi qiymətləndirdi.
Ukrayna – sərhəddə ilişib qalmış dəyərlər
Ukrayna uzun müddət "ikili geosiyasi cazibə" zonasında qaldı: bir tərəfdə Rusiya, digər tərəfdə isə Avropa İttifaqı və NATO. 2013-2014-cü illərdəki “Avromaydan” hadisələri bu balansı sarsıtdı. Ukrayna xalqı Avropa yönümlü siyasi xətti seçdi, Kreml isə bunu dövlət çevrilişi və “xarici müdaxilə” kimi qəbul etdi.
2014-cü ilin martında Rusiya Krımı ilhaq etdi. Ardınca Donetsk və Luqansk bölgələrində separatçı hərəkatlar başladı. Bu, artıq təkcə ərazi münaqişəsi deyildi. Rusiya Ukraynanın Qərbə inteqrasiya yolunu kəsmək üçün münaqişə zonasını daimi şəkildə aktiv saxlamaq istəyirdi. Əslində bu, NATO-nun genişlənməsinin qarşısını almaq üçün yaradılmış “buzlu tampon zonası” idi.
2022-ci ilin fevralında isə tammiqyaslı işğal başladı. Rusiya bunu öz təhlükəsizliyini qorumaq üçün zəruri addım kimi təqdim etdi. Lakin əsl sual başqadır: əgər Ukrayna NATO-ya daxil deyilsə, niyə NATO ölkələri bu müharibəyə bu qədər resurs sərf edir? Çünki Ukrayna coğrafi baxımdan kənarda olsa da, siyasi və ideoloji baxımdan artıq NATO-nun ön cəbhəsinə çevrilmişdi.
NATO sərhədləri – coğrafiyadan strateji zonalara
XXI əsrdə sərhədlər daha çox informasiya, texnologiya, təsir və psixoloji dominantlıqla ölçülür. NATO-nun sərhədləri də klassik xəritələrdəki xətlərdən daha çox, bu dəyərlər və təsir zonaları ilə müəyyənləşir.
Ukrayna müharibəsi bu prosesin təzahürüdür. NATO rəsmi şəkildə hərbi müdaxilədən çəkinsə də, faktiki olaraq Ukraynaya milyardlarla dollarlıq silah yardımı edir, hərbi təlimlər keçirir, kəşfiyyat təmin edir və texnologiya ilə dəstək verir.
Polşa və Baltikyanı ölkələr Ukraynanın arxasında canlı qalxana çevriliblər. ABŞ, Böyük Britaniya, Almaniya və Skandinaviya ölkələri isə Ukraynanı Qərb dünyasının əsas geosiyasi sərhədi kimi qəbul edir.
Əgər 1990-cı illərdə NATO-nun sərhədi Berlin divarının dağılması ilə simvolik şəkildə irəli çəkilmişdisə, indi bu sərhəd Donbasın minalanmış sahələrində, Xersonun dağıdılmış küçələrində, Kiyevin səmalarında uçan “Patriot” raketlərində təcəssüm edir.
NATO-Rusiya müharibəsi artıq başlayıbmı?
Rəsmi olmasada. De-fakto bu gün Ukrayna ərazisində baş verənlər klassik mənada NATO-Rusiya müharibəsinə bənzəyir – fərq ondadır ki,, Ukrayna tərəfdə döyüşən əsgərlərin forması NATO bayrağı daşımır, amma silahları NATO istehsalıdır. Digər tərəfdə isə Rusiya dövləti, “sanksiyalara müqavim\t göstərən iqtisadiyyat” və “geosiyasi intiqam ruhu” ilə savaşa atılıb.
Ukraynadakı müharibə hibrid xarakterlidir: burada informasiya müharibəsi, kiberhücumlar, enerji şantajı və siyasi təzyiqlər real döyüş qədər effektiv rol oynayır. NATO bu savaşda texnologiya və diplomatiya ilə döyüşür, Rusiya isə klassik imperiya refleksləri ilə.
Kreml üçün bu münaqişə NATO ilə toqquşmadan ibarətdir – Qərb üçün isə bu, NATO sərhədlərinin məhz indi və burada qorunub-qorunmaması məsələsidir. Ukrayna – iki fərqli qlobal gücün gələcəyini təyin edən strateji döyüş meydanıdır.
Ukrayna NATO-ya üzv olmasa da, artıq NATO-dur
Ukrayna hələ rəsmi üzv deyil. Lakin o, NATO-nun dəyərlərini müdafiə edən, strukturuna uyğunlaşdırılan və faktiki olaraq onun mexanizmlərinə bağlanan bir ölkəyə çevrilib. NATO sammitlərində Ukrayna prezidentinin iştirakı, müdafiə nazirlərinin təmasları, təlimlərin uyğunlaşdırılması – bütün bunlar Ukraynanın “de-fakto” NATO olmasının sübutudur.
Bu, həm də Qərb dünyasının möhkəmləndirdiyi yeni ideoloji cəbhə xəttidir. Əgər NATO Ukraynanı bu savaşda tək buraxsa, bu, təkcə Ukraynanın yox, Qərbin legitimlik və nüfuz itkisi olacaq. Çünki bu müharibə artıq "kimin sərhədi harada bitir" sualından çox, kimin dəyərləri harada müdafiə olunmalıdır sualına cavab axtarır.
NATO-nun sərhədləri indi necə çəkilir?
Bəs NATO-nun sərhədləri harada bitir? Əgər xəritəyə baxmaqla kifayətlənsək, cavab aydındır. Amma əgər bu sərhədlər ideoloji, texnoloji və psixoloji cəhətdən analiz olunarsa, görərik ki, NATO-nun sərhədi artıq Ukraynanın içində – bəlkə də daha da irəlidədir.
Bu, yeni dünya nizamıdır: sərhədləri tanklar yox, prinsiplər, raketlər yox, ittifaqlar, qitələr yox, kollektiv yaddaş və gələcək qorxusu müəyyən edir.
Ukraynanın ayaqda qalması, təkcə onun müstəqilliyi yox, həm də Qərb dəyərlərinin canlı qalması deməkdir. Bu baxımdan, Ukrayna müharibəsi – sərhədlərin döyüşüdür. Amma bu sərhədlər torpaqdan çox qorxunun və ümidin sərhədləridir.
Şahlar Ruhi