Türkiyədə yayımlanan "O səs Türkiyə" yarımasının sonuncu azərbaycanlı iştirakçısı Mehman Tağıyev bu gün yarışmadan ayrılıb.
Bəstəkar Tofiq Quliyevin "Sənə də qalmaz" mahnısını ifa edən M.Tağıyev sonrakı mərhələyə keçə bilməyib. İfaçı yarışmadakı son iştirakı ilə bağlı təəssüratlarını musavat.com-la bölüşüb: "Yarışmadan ayrıldım. Bura qədər gəlməyin özü də böyük naliyyətdir. Zatən "Sarı gəlin" Azərbaycan xalq mahnısı ilə hər kəsin yaddaşında qaldım, istər Türkiyə, istərsə də digər ölkələrdə, mən bunu görürəm... İnşallah bundan sonra hamımız üçün xeyirlisi olar".
Mehman Tağıyev son turdakı haqsızlıq hesab etdiyi nüanslardan da söz açıb: "Haqsızlığı onda görürəm ki, bu turda qərarı nə münsiflər, nə də sms-lər verir. Bu, auditoriya səsverməsi idi və orda əyləşənlər 21-22 yaşlı gənclərdir. Onlar bilməyərəkdən səsə o qədər də önəm vermir. Yəni, səs olmasa da olar, təki ifaçı orda çılğınlıq etsin, izləyicilərini əyləndirsin. Yəni bu seçim turunda səsə qiymət verilmir".
İfaçı qeyd edib ki, yarışmada olan sonuncu azərbaycanlı iştirakçıdır: "Yarışmada daha azərbaycanlı iştirakçı yoxdur. Azərbaycanlı iştirakçılar ikinci turdan ayrılmışdılar. Mən isə 5 tur gələ bilmişdim".
Qeyd edək ki, Mehman Tağıyevin "O səs Türkiyə" yarışmasındakı ilk çıxışı ötən ilin dekabrında olmuşdu. İfaçı "Sarı gəlin" xalq mahnısını ifa edərək bütün münsifləri özünə döndərməyi bacarmışdı. Müğənni Hadisə onun ifasını ""Sarı gəlin"in indiyə qədərki ən yaxşı performansı" adlandırmışdı. Yarış yayımlanan zaman izlənmə reytinqinə görə birinci olmuşdu. Həmin vaxt proqramın anonsu məhz Mehman Tağıyevin ifası üzərində qurulmuşdu.
Xatırladaq ki, Mehman Tağıyev "Azərbaycanın səsi" yarışmasının qalibi olub.(musavat.com)