Fevralın 28-də 70 illik yubileyini qeyd edən görkəmli bəstəkar, Xalq artisti Eldar Mansurov Prezident İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.
Bununla bağlı Ednews-a eksklüziv açıqlama verən Eldar Mansurov bildirib ki, həm qürur, həm də sevinc hissləri keçirir.
“İlk əvvəl yaradıcılığıma verdiyi yüksək qiymətə görə cənab Prezidentə minnətdarlığımı bildirirəm. İndiyədək praktikamda nə qədər irəliləmişəmsə bundan sonra da ömrüm yetənə qədər yenə yazıb-pozacam”, - deyə incəsənət xadimi qeyd edib.
Söhbət əsnasında Eldar Mansurov sevənlərinə konsert müjdəsi də verib. O, bildirib ki, tezliklə sənətini sevən bütün pərəstişkarlarını sevindirəcək.
“İndiyə qədər çox sayda konsertlər vermişəm. Bu il dinləyicilərimə gözəl bir konsert təqdim etmək istəyirəm. Vaxtını dəqiq deyə bilməyəcəm, ancaq çalışacam ki, ilin sonuna qədər bunu həyata keçirim. Allah mənə can sağlığı versin ki, mənim bunu etməyə gücüm çatsın”.
Qeyd edək ki, Xalq artisti Eldar Mansurov 1952-ci il fevralın 28-də Bakıda İçərişəhərdə musiqiçi ailəsində anadan olub. 1968–1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) fortepiano sinfində, 1974–1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb.
"Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. Azərbaycan Bəstəkarlar İttifaqının və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.
O, 2005-ci ildə "Əməkdar incəsənət xadimi", 2012-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. Prezidentin fərdi təqaüdçüsüdür.
Görkəmli bəstəkarın şair Vahid Əzizin sözlərinə yazılmış "Bayatılar" mahnısı bu günə kimi ən sevimli mahnılar sırasındadır. "Bayatılar"ın musiqisi Türkmənistan, Rusiya, Türkiyə, Yunanıstan, Almaniya, İtaliya, İspaniya, Fransa, Rumıniya, Bosniya və Herseqovina, Xorvatiya, ABŞ, İngiltərə, İsveç, Kanada, İsrail, ərəb ölkələri, hətta uzaq Braziliyada da müxtəlif ifaçılar tərəfindən istifadə edilib.
Gülnar Səlimova