Xəbər verdiyimiz kimi Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bu haqda qərar TÜRKSOY-un Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul edilib.
Ednews-un məlumatına görə TÜRKSOY-un təşəbbüsü ilə türkdilli dövlət, yaxud regionların şəhərlərindən hər il birinin Türk dünyasının mədəniyyət mərkəzi seçilir. Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş şəhərlərdə il ərzində Türk dünyasının mədəni tədbirləri keçirilir.
TÜRKSOY-un üzv-şəhərlərindən hər il birinin illik olaraq Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi barədə qərar 2010-cu ildə türkdilli ölkə başçılarının X sammitində qəbul olunub.
Türk dünyasının birinci mədəniyyət paytaxtı 2012-ci ildə TÜRKSOY şurası tərəfindən Qazaxıstan paytaxtı Astana seçilib. Daha sonra Türkiyənin Əskişəhər (2013), Tatarıstanın Kazan (2014), Türkmənistanın Marı (2015), Azərbaycanın Şəki (2016) və Qazaxıstanın Türkistan (2017) şəhərləri də növbə ilə Türk dünyasının mədəniyyət paytaxtları seçilib.
Gülnar Səlimova