Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Gəncliyin fəlsəfəsi” əsəri Türkiyənin “Aktif Düşünce Yayıncılık” nəşriyyatında işıq üzü görüb.
AMEA-dan Ednews-a bildirilib ki, kitabın “Ön söz”ünün müəllifi türk dünyasının tanınmış filosofu, “Tanzimatdan Günümüzə Türk düşünürləri” 8 cildlik ensiklopediyasının elmi redaktoru, professor Süleyman Xeyri Bolaydır. O, K.Bünyadzadənin bu əsərinin Türkiyədə nəşrinin təşəbbüskarı olub.
Gənc şair Ülvi Bünyadzadənin şəxsində Azərbaycanın bütün şəhidləri və gənclərinə ithaf olunmuş kitabda müəllif ömrün gənclik çağının ehtiva etdiyi təzadların, gözəlliklərin fəlsəfi mahiyyətini açmaq üçün iki ana xətti izləməyə çalışıb. Əsərdə ilk olaraq, öz şəxsiyyətində gəncliyin hikmətini mükəmməl şəkildə təzahür etdirən, buna görə də istər sözü, istər həyatı ilə zaman və məkan çərçivəsinə sığmayan, əsrlər sonra bu gün də nümunə olaraq qəbul edilən gənclərdən bəhs edilib. Qədim dövrdən günümüzə qədər olan tarixi əhatə edən əsərdə əsas məqsəd gəncliyin hər məqamına işıq salmaq, onu təhlil etməkdir.
Əsərin ikinci ana xətti obyektlərə daha çox ümuminin hissələri kimi baxılmasıdır, başqa sözlə, məqsəd ayrı-ayrı şəxsiyyətlərin həyatını işıqlandırmaq deyil, onların nümunəsində gəncliyin əhəmiyyətli məqamlarına şərh verməkdir. Kitabda fərqli zamanlarda, fərqli coğrafi ərazilərdə yaşamış bu gənclər vasitəsilə gəncliyin bütöv həqiqətini çatdırmağa cəhd edilir.
Kitabda, həmçinin Azərbaycanda artıq kifayət qədər məlum olan və tədqiq edilən dini və tarixi şəxsiyyətlərlə yanaşı, ilk dəfə Yeremiya peyğəmbər, Fateh Sultan Mehmet, uyğur şairi Lütfullah Mütəllib və bir neçə başqa şəxsiyyət araşdırılıb ki, bu da gələcək tədqiqatlar üçün bir ideya mənbəyi rolunu oynaya bilər.