Doqquz gündür Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra yaranan mənzərə hələ də acınacaqlı olaraq qalır. Həlak olanların sayı gün keçdikcə daha da çoxalır. Dünyaca məşhurlar da daxil olmaqla, azərbaycanlı məşhurlar da zəlzələdən əziyyət çəkənlərə yardım etmək üçün sosial mediada paylaşımlar edirlər.
Bəs maraqlıdır, azərbaycanlı məşhur simaları qardaş ölkənin insanlarına hansı yardımları edib?
Ednews bu barədə sorğu keçirib. Cavabları təqdim edirik:
Xalq şairi Nəriman Həsənzadə:
“Türkiyədə baş verən zəlzələ məni dərindən sarsıtdı. Qardaş ölkənin acısını öz acım kimi yaşayıram. Aylıq məvacibimi Tükiyədə zərər çəkən insanlara göndərdim. 1000 manata gücüm çatdı”.
Xalq artisti Təranə Muradova:
“Əlbəttə yardım etmişəm. Biz Xoreoqrafiya Akademiyasında yardım fondu təşkil etdik. Pullar toplandı. Ərzaq, pal-paltar da yığıldı. Müəllimlərdən tutmuş, tələbələrə kimi yardım edənlər oldu”.
Müğənni Damlanın prodüseri:
“Kömək edib etməyəcəyəcimizi mediaya açıqlamaq istəmirik. Bunu demək günahdır”.
Bir müddətdir mətbuata açıqlama vermək istəməyən müğənni-bəstəkar Murad Arif sosial şəbəkə hesabında insanları yardım aksiyasına qoşulmağa səsləyib. O, türkiyəli qardaşlara dualar etdiyini və insanların mümkün qədər yardım aksiyasına dəstək olmasının vacib olduğunu bildirib.
Aparıcı Xoşqədəm Baxşəliyeva həyat yoldaşı, sənətçi Doğuş ilə birgə Türkiyədə zərərçəkən min ailəyə yardım etdiyini açıqlayıb:
“Yata, yemək yeyə bilmirəm. Orada mənim də uşaqlarım, yaxınlarım ola bilərdi. Əlimdən gələn yardımı etdim”, - deyə, bildirib.
Oğuz Ayvaz