Azərbaycan Teatr Xadimləri İttifaqının sədri seçilən Xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" Ordenli Hacı İsmayılov yeni planlarından danışıb.
O, özəl olaraq, Ednews-a bildirib ki, qurumun digər üzvləri ilə birlikdə teatr sahəsində yeni işlər görəcək:
“Mədəniyyətimizə müasir düşüncəli insanlar lazımdır. Yeniliklərə ehtiyac var. Yeni tamaşalar və layihələrlə teatr sevərləri sevindirəcəyik”.
Azərbaycan teatrının inkişaf perspektivlərindən danışan H.İsmayılov teatr və kino sahəsində görülən işlərdən də bəhs edib:
“Bilirsiniz ki, Mədəniyyət Nazirliyində yeni təyinatlar olub. Bir müddət əvvəl Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə Teatr Forumu keçirildi. İki günlük forumda bütün teatr nümayəndələri, mədəniyyət xadimləri bir araya gəldi. Əminəm ki, bu forum öz müsbət nəticələrini verəcək. Orada bir çox problemlər səsləndirildi, onların həlli yolları müzakirə edildi. Mədəniyyət Nazirliyi sözsüz ki, teatrlara, aktyorlara, sənətkarlara diqqət və qayğısını daha da artıracaq. İnanıram ki, Azərbaycan teatrının inkişafı üçün görülən işlər öz bəhrəsini verəcək və hamımız bundan faydalanacayıq. 20-21 aprel tarixlərində kino forumu da keçiriləcək. Azərbaycan kinosu yeni mərhələyə qədəm qoyur. Yeni filmlər, seriallar çəkilir. Ümid edirəm ki, kinomuz daha da inkişaf edəcək. Cənab nazir özü bu işlə şəxsən maraqlanır. Mədəniyyətimizə müasir düşüncəli insanlar lazımdır. Yeniliklərə ehtiyac var. Yeni tamaşalar, yeni layihələrlə teatr sevərləri sevindirəcəyik”.
Törə Zeynal