Bu gün Nizami Kino Mərkəzində "Mind Academy MMC"nin təsisçisi, rəhbəri Gülgün Quliyevanın "Qoy işığı yandırım" adlı ilk kitabının təqdimat mərasimi keçirilib.
Ednews xəbər verir ki, tədbirdə “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, tanınmış şair, əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli, oxucular və media nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə kitabın müəllifi Gülgün Quliyeva açıb. O, qonaqlara gəldiyi üçün təşəkkür edib və qələmə aldığı kitab haqda qısaca məlumat verib:
"Özümün kimliyi, haradan gəlib hara getməyi, üzləşdiyimiz həyat problemləri, bəzən baş aça bilmədiyimiz dolanbaclar, bizi qoynuna alıb aparan burulğanlar həmişə, lap uşaq yaşlarımdan məni düşündürüb. Həyatımın 25-30 ilini məhz bu suallara cavab axtarmaqla keçirmişəm. Bu gün sizlərə təqdim olunan kitab da məhz həmin axtarışların bəhrəsi olaraq araya-ərsəyə gəldi".
Daha sonra Əflatun Amaşov kitabda bəhs edilən enerji, kainat, elm, psixologiya barəsində fikirlər səsləndirib və Gülgün xanıma uğurlar arzulayıb:
“Hətta ilk baxışda bizim bildiyimiz, yaşadığımız və tanış duyğuların alt qatında anlaya və duya bilmədiyimiz çox şeylər yatır, onların hamısını işığa çıxarmaq lazımdır və Gülgün Quliyevanın yandırdığı işıq bu mənada çox gərəkli və hər kəsə lazım ola bilən bir işıqdır..”
Kitabın redaktoru Vaqif Bəhmənli, üz qabığının tərtibçisi Əziz Sadıqzadə, illüstrasiyaların müəllifi Narınc Mustafayevdir. Kitab "Təhsil" nəşriyyatında işıq üzü görüb.
"Qoy işığı yandırım" kitabı oxucuya ardınca aparmaq istədiyi, arzu, istək vurğunlarına hökm etmir, yaşam variantlarını nişan verir.
Bu sadəcə kitab deyil, çətin həyat yollarında sıxıntılarından xilas olmağın ən uğurlu layihəsini canlandıran könül təsviri, könüllü çağırış, kitabı əldə edənlərə doğru uzanmış xeyirxah, etibarlı, düşərli əldir.
Təqdimat mərasimindən sonra kitabın imza günü keçirilib.
Qeyd edək ki, Gülgün Quliyeva Bakı şəhərində anadan olub. Bu kitabı yazana qədər paytaxtın 23 sayılı orta məktəbində ibtidai təhsilə başlamış, Bakı Slavyan Universitetinin nəzdindəki liseydə orta məktəbi başa vurmuş, Qərb Universitetinin "İqtisadiyyatın hüquqi tənzimlənməsi" fakütləsini bitirmiş, 2 il İzmir şəhərində şəxsi inkişaf kouçu ixtisası üzrə təhsil almışdır. Gülgün Qulieyava tanınmış şair Vaqif Bəhmənli və jurnalist, redaktor Rəhilə Gülgünün qızıdır.
Oğuz