İnternet əsrində onlayn media öz gücü ilə yazılı medianı sıradan çıxarmağa başlayır. Ədəbiyyatın inkişafında onlayn medianın hansısa rolu varmı?
Ednews bu barədə qələm adamları arasında sorğu keçirib.
Şair Cəlil Cavanşir:
“Müasir dövrdə ədəbiyyatı və mədəniyyəti onlayn mediadan kənarda düşünmək çətindir. Xüsusilə son 10 ildə dünyada onlayn medianın rolu xeyli artıb. Təbii ki, ədəbiyyatın da populyarlaşmasında, əlçatanlığında onlayn media böyük rol oynayır. Azad və müstəqil platformalar hansısa müəllifin tanınmaq, çap olunmaq arzusunu gerçəkləşdirmək üçün əvəzsizdir”.
Yazar Günel Natiq:
“Bu təsir ikitərəflidir. Həm ədəbiyyatın inkişafına, həm də böyük dəyərlərin cılızlaşdırılmasına xidmət edir. O zamanlar yazar yalnız ədəbi qəzetlərdə, jurnallarda çap oluna bilərdi ki, bu da hər igidin işi deyildi. Yəqin ki, bu mənada çox istedadlar itib- batıb. İndi facebookun özündə yayınlanan şeir, hekayə belə insanların diqqətini çəkə bilir. İkinci tərəfdən, səviyyəli bədii nümunələrlə yanaşı, keyfiyyətsiz yazılar da onlayn mediaya yol tapır. Yazıçı olmaq xülyasına düşən qeyri istedad sahibləri bu vasitəylə özlərinə auditoriya qazanmağa çalışır ki, bunun da nəticəsi göz qabağındadır”.
Yazar Nicat Həşimzadə:
“Onlayn media olmasa, çağdaş yazıçılarımız unudular. Çağdaş Azərbaycan ədəbiyyatı acı reallıq olsa da, əsasən onlayn mediadan ibarətdir Klassik yazarlar necə zülmlər çəkib e, əhalinin böyük hissəsi oxuma-yazma bilmir, sənsə kitab yazırsan. Bizim bəxtimiz gətirib ki, onlayn medianın imkanlarından istifadə edə bilirik. Ədəbiyyatın inkişafında onlayn medianın çox ciddi əhəmiyyəti var”.
Yazar Rəvan Cavid:
"Ümumiyyətlə, bütün sahələrin inkişafında medianın xüsusi rolu var. Günümüz hər sahənin onlaynlaşdığı bir dövrdür, həmçinin ədəbiyyatın. Sosial şəbəkələr dövrü ədəbiyyatı çox başqa məcralara apardı. Təəssüf ki, Azərbaycan mediası və ədəbiyyatının bu məcradan xəbəri yoxdur. Olsaydı, indi belə sorğulara ehtiyac qalmazdı".
Oğuz