“Qarabağın quruculuğu ilə bağlı layihələrdə işğaldan azad olunan ərazilərin iqtisadi inkişafı və istehsal potensialı üçün önəmli məsələlər və müddəalar qeyd olunmalıdır”.
Bu sözləri Ednews-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov Milli Məclisdə müzakirəyə çıxarılan “Qarabağa Böyük Qayıdış”la bağlı layihəni şərh edərkən bildirib.
Söhbət zamanı, o qeyd edib ki, işğaldan azad edilən ərazilərdə iqtisadi potensialın və inteqrasiyanın təmin edilməsi layihədə başlıca hədəf olmalıdır.
“Həmin ərazilərdə bərpa, quruculuq və davamlı məskunlaşma siyasətində azad biznesin təminatı və xarici investorların cəlb edilməsi üçün xüsusi şərait yaradılmalıdır. Bunun içində ilk növbədə dövlət təminatı mexanizmləri tətbiq edilməlidir. Bu mexanizmlərdən ən önəmlisi ərazilərə yatırılan investisiyaların müharibə risklərindən sığortalanması, eləcə də kommersiya banklarının vəsaitlərinin təşviqinə istiqamətlənən kreditlərin cəlb edilməsidir. Çünki burada 250-350 milyard manat dəyərində investisiyadan söhbət gedir. Bu investisiyalar mütləq qorunmalı və düzgün istiqamətdə xərclənməlidir”.
İqtisadçının sözlərinə görə, Azərbaycan hökuməti quruculuq prosesində özəl sektorun rolunun artırılmasına doğru çox ciddi institusional və iqtisadi addımlar atmalıdır.
“Hesab edirəm ki, bu prosesdə dövlət-özəl sektor əməkdaşlığı modeli tətbiq edilməlidir. İnfrastruktur və kommunal yönümlü layihələrdə təkcə dövlət vəsaitləri deyil, həmçinin özəl şirkətlərin vəsaitləri və sərmayələri də nəzərə alınmalıdır. Bu vacib məqam mütləq diqqətdə saxlanılmalıdır”.
Sonda Rəşad Həsənov qeyd edib ki, işğaldan azad edilən ərazilərdə əmlak hüquqları ilə bağlı məsələlər də layihənin gündəliyinə daxil edilməlidir.
“Torpaqların təyinatının dəyişdirilməsi, xüsusi olaraq işğaldan əvvəl mövcud olan və yerli sakinlərə məxsus mülklərin təyinatına aydınlıq gətirilməlidir. Hər kəs bu məsələnin hansı formada həll olunacağını bilməlidir. Torpaqların təyinatının dəyişdirilməsi məsələsi vahid pəncərə sistemi üzərində nizamlanması üçün müəyyən platforma yaradılmalıdır”.
Yunis Abdullayev