Son günlər bazarlarda kartof və soğanın qiymətində kəskin bahalaşma müşahidə olunur. Alıcılar həm yerli, həm də idxal olunan məhsulların qiymətinin artmasından şikayətlənirlər.
İqtisadçı ekspert Natiq Cəfərli Ednews-a açıqlamasında qiymət artımının səbəblərinə toxunub:
“Əsas səbəblərdən biri mövsümlə əlaqəlidir. Azərbaycanda təəssüf ki, qış fəslində soyuducuların olmaması və ya az olması məhsulların uzun müddət saxlanmasına imkan vermir. Son vaxtlar bir çox bölgələrdə yeni soyuducu mərkəzləri tikilib, amma bu, yetərli deyil. Qış aylarında yeni məhsul çıxana qədər yerli məsullarda belə bahalaşma baş verir”.
Ekspert bildirib ki, digər sahələrdə müşahidə edilən qiymət artımı ərzaq məhsullarının da bahalaşmasına təsir göstərir:
“Ölkədə inflyasiya yüksək həddədir. Buna görə də yerli tərəvəz istehsalçılarının digər əlaqəli xərcləri artıb. Yeni məhsul yığımı dövründə, yəni, yazın ortaları, yaya doğru qiymətlərdə sabitləşmə, hətta ucuzlaşma ola bilər. Hələliksə Novruz bayramı ərəfəsində və bayram bitənə qədər bahalaşmanın davam edəcəyi gözlənilir”.
Törə Zeynallı