Xəbər verdiyimiz kimi, Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi yaradılacaq.
Bu, Milli Məclisin “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində öz əksini tapıb.
İqtisadçı ekspert Xalid Kərimli Ednews-a açıqlamasında bildirib ki, türk dünyası ölkələri arasında ticarət əlaqələrinin hərtərəfli inkişafı üçün sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasına ehtiyac var.
“Türkdilli ölkələr orta dəhlizdə yerləşir, strateji istiqamətləri eynidir, eyni milli-mədəni köklərə, ortaq tarixə malikdirlər. Lakin bu ölkələr arasında əməkdaşlığı genişləndirməyə ehtiyac var. Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi, mədəni, ticarət və s. sahələrdə əlaqələr yüksək səviyyədədir. Lakin digər türkdilli ölkələr üçün bunu deyə bilmərik. Azərbaycan və Türkiyənin də Orta Asiyanın türk dövlətləri ilə əlaqələri geniş deyil. Sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasında əsas məqsəd malların sürətlə gömrükdən keçirilməsi, eyni zamanda da güzəştli rüsumların tətbiqi və ya malların gömrük rüsumlarından azad edilməsidir”.
Ekspert qeyd edib ki, ticarət əlaqələrinin genişləndirilməsi bütün türk dünyasının əsas hədəflərindən biridir.
“Mərkəzi Asiya ölkələri də Azərbaycan kimi MDB üzvüdür. MDB ölkələri arasında ticarətdə gömrük rüsumları yoxdur. Lakin Türkiyə ilə Orta Asiya, eləcə də, ölkəmiz arasında gömrük rüsumları mövcuddur. Bu da idxal və ixrac əməliyyatlarına maneə törədən faktordur. Ölkələrin idxal-ixrac həcmini aşağı salır. Qanun layihəsi qəbul edilərsə türkdilli ölkələr arasında ticarət artar, ölkələrarası tranzit yüklərinin daha böyük həcmdə ötürülməsi həyata keçirilə bilər”.
Xalid Kərimli Azərbaycanla Qazaxıstan, Türkmənistan, Özbəkistan arasında iqtisadi-ticari əməkdaşlıqların genişləndirilməsi barədə ciddi konsensus olduğunu bildirib.
“Məlumdur ki, indiki siyasi-iqtisadi vəziyyətdə bu hədəflərə qısa zaman ərzində çatmaq mümkün olmaya bilər. Avropanın da vahid ticarət zonasına çevrilməsi uzun vaxt tələb etdi. Bununla belə türk dünyası ölkələrinin sadələşdirilmiş gömrük rejiminə keçməsini iqtisadi-ticari əlaqələrin dirçəlməsi istiqamətində atılmış mühüm addım kimi qiymətləndirə bilərik və bu yenilik gələcəkdə azad ticarət zonalarının yaradılmasına da imkanlar aça bilər”.
Törə Zeynallı