Son günlər daşınmaz əmlakın icbari sığortası məsələsi aktuallaşıb. Sığorta şirkətləri ev-ev gəzərək vətəndaşlardan tələb edirlər ki, icbari sığorta müqaviləsi bağlasınlar, əks təqdirdə, məsuliyyət daşıyacaqlar. Əlbəttə, daşınmaz əmlakın icbari sığortası mahiyyət etibarilə faydalıdır və zəruridir. Bəzi sığorta şirkətləri hətta vətəndaşları təhdid edir, mənzillərini sığorta etdirməyəcəkləri halda cərimələməklə hədələyirlər. Vətəndaşlar isə avtomobillərinin icbari sığortası prosesində zaman-zaman başlarına gələndən sonra mənzillərini sığortalatmaqda maraqlı deyillər.
Dövlət qurumlarından verilən cavab budur ki, vaxtında mənzillərinizi sığortalamalıydınız. Bu yanaşmanın məntiqi başa düşülən olsa da, vətəndaşların hazırda düşdüyü vəziyyətə adekvat deyil. Belə ki, sığortalanan mənzillərdən birinin sahibinə cəmi 7079 manat sığorta pulu təklif olunub.
Məsələ ilə bağlı Ednews-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, heç bir özəl şirkət vətəndaşa cərimə tətbiq edə bilməz:
“Sığorta şirkətlərinin cərimə etmək səlahiyyəti yoxdur, bu, dövlətin funksiyasıdır. Heç bir özəl şirkət vətəndaşa cərimə tətbiq edə bilməz. Şirkətlərin vətəndaşları qorxudaraq icbari sığorta müqaviləsi bağlamağa məcbur etməsi qanunsuzluqdur. Bunun mexanizmi yoxdur. Vətəndaşlar daşınmaz əmlakını könüllü sığorta etdirə bilərlər. Bu, əslində faydalıdır, amma proses könüllü həyata keçirilməlidir. Vətəndaşlar sığorta şirkətlərinin hədə-qorxusu ilə qarşılaşdıqda onları məhkəməyə verə bilərlər”.
Oğuz