Əfqanıstan öz mühüm geostrateji mövqeyindən istifadə edərək Mərkəzi və Cənubi Asiya ölkələri arasında əlaqələndirici körpü rolunu oynamağa hazır olduğunu bəyan edib.
EDnews xəbər verir ki, bu barədə 6-cı İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) biznes forumunda çıxış edən Əfqanıstan Ticarət və İnvestisiya Palatasının sədri Təvəkkül Əhmədyar bildirib.
Onun sözlərinə görə, bu məqsədə nail olmaq üçün siyasi iradə, hüquqi mexanizmlərin sadələşdirilməsi və regional dəstək vacibdir.
Əhmədyar bildirib ki, bu təşəbbüs təkcə iqtisadi artıma deyil, həm də region ölkələri arasında əməkdaşlıq və həmrəyliyin möhkəmlənməsinə xidmət edəcək.
O, əməkdaşlığı inkişaf etdirmək üçün aşağıdakı təklifləri səsləndirib:
1. İnkişaf etmiş ölkələrdə investisiyanı və ticarəti təşviq etmək üçün regional maliyyə fondları yaradılmalıdır.
2. Torxam və Çaman sərhəd-keçid məntəqələrində gömrük prosedurları sadələşdirilməli, tranzit prosesləri sürətləndirilməlidir.
3. Üzv ölkələr arasında ticarət və maliyyə əlaqələrini inkişaf etdirmək məqsədilə bank və rəqəmsal infrastruktur gücləndirilməlidir.
4. Beynəlxalq Yol Nəqliyyatı sisteminin tam tətbiqi ilə nəqliyyat xərcləri azaldılmalı, təhlükəsizlik və şəffaflıq artırılmalıdır.
Şəms Qasımlı // EDnews