Rusiya-Ukrayna müharibəsindən sonra energetika və yüngül sənaye sahələrinində Türkiyə Rusiyanın ən böyük idxalçısı olub. Türkiyə Rusiya ilə münasibətləri qoruyaraq özünün “enerji yolu” rolunu daha da dəyərləndirib.
“Artıq Türkiyənin Avropanın hər dediyini etmək dövrü başa çatıb. Türkiyə Avropadan heç də asılı deyil”.
Bu fikirləri Ednews-a açıqlaması zamanı türkiyə politoloq İsmayıl Cingöz bildirib. O, həmçinin qeyd edib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin başlamasından bəri Qərb dövlətlərindən fərqli olaraq tərəfsizliyini qorumağa üstünlük verib.
“Türkiyə yeganə ölkədir ki, Rusiya ilə xüsusilə müharibədən sonra qarşılıqlı ticarət balansını artırıb. Türkiyə Rusiyanın enerji qaynaqlarını idxal edib Avropaya ötürərək, körpü rolunu oynayır. Hətta, bu barədə Moskva bildirib ki, Baltik dənizində “Şimal Boru Xətti”nə hücum edilməsindən sonra Türkiyə enerjinin Qərbə çatdırılması üçün yeganə yoldur.
Bu iqtisadi strategiyanı davam etdirən digər ölkələr Hindistan və Çindir. Türkiyə də daxil olmaqla bu ölkələr həm özünün enerji təlabatını ödəyir, həm də üçüncü dünya ölkələrinə təbii qaz ixrac edir”.
Ekspert bildirib ki, Avropa dövlətləri Türkiyəyə qarşı heç bir addım ata bilməz, çünki onların enerji tədarükü bilavasitə Ankara-Moskva əlaqələrindən asılıdır.
“Türkiyənin Rusiya ilə iqtisadi əlaqələrə davam etməsi ABŞ və Avropa dövlətləri tərəfindən tənqid edilsə də, Ankara bu siyasətə davam edəcək. Əslində, bu vəziyyət ilk növbədə Avropa dövlətlərinin işinə yarayır. Onların bir çoxu ucuz Rusiya qazını Türkiyə üzərindən idxal edir.
Avropada dövlətləri heç bir şəkildə Türkiyəyə qarşı reaksiya verə bilməz. Çünki, hazırda Avropada birlik və bərabərlik görünmür. Avropanın ABŞ-dan bahalı qaz tədarük etməsi onların iqtisadiyyatını sarsıdıb. Üstəlik, Avropa əhalisi dövlətlərinə qarşı bu məsələdə güzəştə getmir. Avropa Türkiyənin enerji məsələsində asılıdır. Buna görə də heç bir Qərb dövlətinin Türkiyəyə qarşı addım atacağı gözlənilmir”.
Fərid