Şikayətçi Tamerlan Məşədihəsənli uzun müddətdir şəkər xəstəsi olan anası Qasımova Diləfruzun 2 aydır dövlət tərəfindən ödənişsiz verilən dərmanlarını ala bilmədiyini deməsi barədə xəbər vermişdik.
Lakin məsələnin üzərindən bir müddət keçməsinə baxmayaraq problem hələ də həllini tapmayıb. Bu barədə T. Məşədihəsənli özü Ednews-a məlumat verib.
Xatırladaq ki, Səhiyyə Nazirliyi problemin həlli üçün şikayətçinin rəsmi məktubla onlara müraciət etməli olduğunu qeyd edib. Ağır şəkər xəstəsi olan Diləfruz Qasımova elə həmin gün nazirliyə məktub formasında müraciət etsə də iki həftədir problem öz həllini tapmayıb. Qurumdan xəstənin müraciətinə hələ də cavab gəlməyib.
Bəs, görəsən vətəndaşın müracətinə hansı müddətə baxılmalıdır?
Azərbaycan qanunvericiliyinə görə, vətəndaşın ərizə və şikayətinə baxılması hər hansı müraciətlə bağlı xüsusi bir araşdırma tələb olunmursa, 7 iş günündən gec olmayaraq, baxılmalı və ya dərhal cavab verilməlidir. Yox əgər araşdırılmalı bir məsələdirsə, bu müddət 14 gündən 1 aya qədər davam edə bilər.
Düşünsək ki, insan sağlamlığından önəmli heç nə yoxdur Səhiyyə Nazirliyi tərəfindən edilən müraciətlərə daha çevik baxılması arzuolunandır.
Qeyd edək ki, vətəndaşın şikayəti hər iki aydan bir dövlət tərəfindən verilən dərmanın artıq verilməməsi ilə bağlı idi. Şikayətçi Tamerlan Məşədihəsənli bildirir ki, illərdir şəkər xəstəsi olan anası Qasımova Diləfruz Keymar qızı iki aydır dövlət tərəfindən ona ödənişsiz verilən dərmanları ala bilmir. Xəstə məcburən ağır şəkər xəstələri üçün nəzərdə tutulan preparatı pul ödəyərək apteklərdən əldə edir. O, dövlət tərəfindən anasına aylıq verilən Metformin və AMARYL adlı dərmanları almaq üçün 17 yanvar tarixində Nəsimi rayonu, 20 saylı Şəhər Poliklinikasına gedib. Lakin tibb müəssəsində ona bildiriblər ki, AMARYL 4 mq preparatı ilə xəstəni təmin edə bilməyəcəklər.
Gülnar Səlimova