Fransa... Avropanın özünü “mədəniyyətin beşiyi” kimi təqdim edən dövləti. Amma bu "beşik", görünür, hələ də kolonial yaddaşla yuxuya gedə bilmir. Neokolonializm – yeni qiyafədə, lakin köhnə niyyətlərlə, bu gün də Parisin Afrika, Karib və Okeaniya siyasətinin mərkəzində durur. Tarixi bağlar, mədəni əlaqələr, biomüxtəlifliyin qorunması – bu ifadələr Fransanın əsarət altında saxladığı torpaqlarda tətbiq etdiyi müstəmləkə siyasətinə diplomatik don geydirmə cəhdidir.
Əslində isə bu adalar – konkret olaraq Epars arxipelaqı – geosiyasi kabus və təbii sərvət bazasıdır. Milyonlarla insanın həyat səviyyəsi Parisin istismarçılıq siyasətinin arxasında inildəyir. Amma ən acı sual budur: niyə XXI əsrdə, BMT-nin və beynəlxalq hüququn mövcud olduğu bir vaxtda, Fransa bu əraziləri qaytarmır?
Epars adaları: “Ekoloji qoruq” bəhanəsi altında karbohidrogen hegemoniyası
1960-cı ildə Madaqaskar müstəqillik əldə edəndə, Fransa bu adaları qəsdən arxipelaqdan ayırdı və “xarici ərazilər” statusu verdi. BMT-nin 1979 və 1980-ci illərdə qəbul etdiyi iki qətnamə Epars adalarının Madaqaskara qaytarılmasını tələb etdi, lakin Paris buna nə məhəl qoydu, nə də cavab verdi. Niyə? Cavab sadədir: adaların altı karbohidrogenlərlə zəngindir, üzəri isə Hind okeanına nəzarət imkanı verir. Bu, təkcə iqtisadi və hərbi məntəqə deyil – bu, Fransanın müstəmləkə ruhunu davam etdirdiyi strateji lövbəridir.
General de Qollun vaxtilə dediyi "bu adalarda nüvə sınaqları keçirilə bilər" cümləsi Fransanın nə təbiətə, nə də yerli xalqlara verdiyi dəyəri acı şəkildə izah edir.
Madaqaskarın haqlı israrı və Fransanın susqun təkəbbürü
Madaqaskar Prezidenti Andri Rajoelina Epars adalarını “milli kimliyin bir hissəsi” adlandırıb. Onun BMT-dəki çıxışı, Fransa ilə yaradılan komissiyalara baxmayaraq, real dəyişiklik yoxdur. 2025-ci ilin iyununda keçirilən sonuncu görüş də nəticəsiz başa çatdı. Madaqaskar konkret tələblər irəli sürdü:
İqtisadi itkilərə görə kompensasiya;
Balıqçılıq və tədqiqat hüququnun bərpası;
Keçmiş elmi materiallara çıxış.
Fransa isə nəinki geri çəkilmir, hətta qoruq adı altında bu adaları tam öz nəzarətinə almağa çalışır. Diplomatik danışıq adı altında qəsb reallaşır.
Fransa neokolonializmi: Afrikadan Cənubi Qafqaza uzanan xəritə
Fransa Mali və Burkina-Fasodan necə qovulduğunu, orada hansı insani fəlakətlərə səbəb olduğunu, öz arxivlərində gizlədir. Lakin eyni senarini bu gün Azərbaycanın Qarabağ məsələsinə müdaxilə ilə davam etdirmək cəhdindədir. Fransanın “insan haqları” və “separatizmin müdafiəsi” kartları onun geosiyasi təxribatlarını legitimləşdirmə vasitəsinə çevrilib.
Prezident İlham Əliyevin 2023-cü ildə Bakı Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunda etdiyi çıxış Parisin bu siyasətini ifşa etdi. Prezident açıq dedi:
“Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır”.
Bakı – yeni dekolonizasiya mərkəzi
Bugün Parisdə qapalı kabinetlərdə verilən qərarların qarşısında Bakıda açıq tribunalar formalaşır. Bakı Təşəbbüs Qrupu Qvadelup, Kanaki, Sankt-Bartelemi, Mayott, Fransız Qvianasının, hətta Niderland müstəmləkələrinin hüquqlarını müdafiə edir. “Qvadelupun dekolonizasiyasına doğru” adlı konfrans, Fransa səfirliklərinə yönəlmiş açıq məktublar və beynəlxalq təşkilatlara ünvanlanan müraciətlər göstərir ki, Azərbaycan postkolonial mübarizənin ön xəttindədir.
Fransa 60 il əvvəl Madaqaskara vermədiyi azadlığı bu gün başqa formatda, başqa coğrafiyada və başqa adlarla yenidən əlində saxlayır. Amma bu dəfə qarşısında yalnız Afrika yox, həm də geosiyasi balanslara təsir edən Bakı dayanır.
Müstəmləkəçiliklə savaş təkcə keçmişin haqqı deyil, gələcəyin borcudur
Epars adaları məsələsi təkcə Madaqaskarın yox, bütün bəşəriyyətin ədalət prinsiplərinin testidir. BMT qətnamələrinin icra olunmadığı, bir dövlətin təbii sərvətləri üzərində başqa bir dövlətin "mülkiyyət haqqı" iddia etdiyi bir dünyada ədalətdən danışmaq mümkünsüzdür.
Fransa bu məsələni uzatdıqca, bir şeyi də qəbul etməlidir: deklarativ demokratiya dövrü bitib, real məsuliyyət dövrü başlayır. Paris ya buna uyğunlaşacaq, ya da özünü “sivil Avropa”nın içində kolonial bir anakronizm kimi qorumağa davam edəcək.
Azərbaycan isə bu prosesin içində yalnız müşahidəçi deyil, təzyiq yaradan, mövqe formalaşdıran və prinsipial addım atan gücdür.
Şahlar Ruhi