Smartfonunuzdan gələn işıq orqanizmdə melatonin hormonunun (insan bu hormon sayəsində yuxuya gedir - red.) istehsalını pozur və bu, yuxunun keyfiyyətinin pisləşməsinə gətirib çıxarır.
“EDnews” xəbər verir ki, bu barədə rusiyalı yuxu və endokrinologiya üzrə mütəxəssis Darya Lebedeva məlumat verib.
"Mavi işıq melatoninin istehsalını boğur. Beynimiz mavi işığı oyaqlıq siqnalı kimi qəbul edir və bu da yuxuya getməyi çətinləşdirir. Özünüzü yorğun hiss etsəniz belə, vücudunuz gündüz rejimində "açıq" qalır. Axşam saatlarını ekran qarşısında keçirəndə daxili saatımız tıxanmağa başlayır. Nəticədə biz daha gec yatırıq və səhərlər yorğunluq hissi ilə oyanırıq.
Sirkadiyalı ritmlərin (gecə və gündüzün dəyişməsi ilə əlaqəli müxtəlif bioloji proseslərin intensivliyindəki tsiklik dalğalanmalar - red.) uzun müddət pozulması xroniki yuxu çatışmazlığına səbəb ola bilər ki, bu da öz növbəsində, ürək-damar xəstəlikləri, diabet və psixi sağlamlıq problemlərinin inkişaf riskini artırır", - deyə mütəxəssis qeyd edib.