Pambıqçılıqla məşğul olan Goranboy sakini maraqlı bir üsulla qısa bir müddətdə bol məhsul almağın yolunu tapıb. Onun icad etdiyi yeni üsul vasitəsilə əkin aparıldıqdan çox az bir müddət sonra sahələrdə pambıq cücərir. Üstəlik, itki də minimuma enir.
Goranboy sakini pambıqdan yüksək məhsul əldə etmək üçün maraqlı üsul təklif edir. Rayon sakini Ələddin Abbasov çiyid səpini zamanı toxumu islatmaqla bitkinin tez və itkisiz cücərməsinin mümkün olduğunu deyir.
Ələddin Abbasovun sözlərinə görə, xüsusilə də kiçik sahələrdə bu cür səpin üsulu uğurlu nəticə verir. Hazırkı dövrdə pambıq əkilməzdən öncə sahələr arat edilir, sonra müəyyən aqrotexniki qulluq zamanı torpağın üst qatı quruyur ki, bu da bitkinin cücərməsini ləngidir.
Ələddin Abbasov təklif etdiyi yeni səpin üsulu o qədər xərc tələb etmir. O, traktorun hər iki tərəfinə 1,5 ton su tutumu olan çən quraşdırıb rezin borularla aqreqata qoşur. Bu zaman texnika həm səpin aparır, həm də toxuma su verir. Bu cür aparılan səpindən 1 həftə sonra pambıq cücərməyə başlayır. Goranboy sakini bununla həm də alaq otlarının qarşını alır.
Pambıq səpini aparıldıqdan sonra cücərmə yubandıqda fermerlər məcbur qalıb onu yenidən suvarırlar. Bu zaman həm sahələri alaq otları basır, həm də təsərrüfatçılar əlavə xərcə düşürlər. Əslində isə pambıq çiçəkləmə dövründə suvarılmalıdır. Ələddin Abbasov təklif etdiyi üsulun gələcəkdə pambıq əkinində fermerlərə böyük xeyir verəcəyini düşünür.