Optimizm çətinliklərin öhdəsindən gəlməyə kömək edən gözəl keyfiyyətdir. Ancaq yaş artdıqca insanlar daha az optimist olurlar.
Ednews xəbər verir ki, bir qrup alim uşaqların böyüklərə nisbətən daha optimist olmasının səbəbini araşdırıb. Araşdırmanın nəticələri “Eksperimental Psixologiya“ (Journal of Experimental Psychology) elmi jurnalında dərc olunub.
Məlumata görə tədqiqatçılar bunun səbəbini insanların yaşlandıqca mənfi təcrübələrdən daha çox öyrənməsi və daha realist olmasında görür.
Araşdırmanın müəllifləri eksperiment iştirakçılarına müxtəlif planetlərdən xəzinə toplamalı olduqları oyun təklif ediblər. Oyun əsnasında iştirakçılara bu planetlərin keyfiyyətini və nə qədər qazana biləcəklərini öyrənmək tapşırılıb.
Oyun sonrası məlum olub ki, bütün iştirakçı gənclər çox qazanc əldə etmək üçün potensiallarını həddindən artıq qiymətləndirməyə meyillidirlər. Lakin kiçik uşaqlar hiper optimist olduqlarından daha çox xəzinə əldə etdiklərini iddia edirdilər.
Qeyd edək ki, tədqiqatda 8-17 yaş arası 108 nəfər iştirak edib.
Məlumatların emalının riyazi modellərindən istifadə edən alimlər müəyyən ediblər ki, uşaqlar pis nəticələrdən daha az dərs aldıqları üçün həddindən artıq optimistdirlər. Bunun əksinə, yeniyetmələr isə hər şey gözlədikləri kimi getməyəndə müsbət nəticələrə də məhəl qoymurlar.
Qeyd edək ki, pessimizm depressiyanın inkişafına təkan verir. Bunun əksinə nikbinlik isə fiziki və əqli sağlamlığa müsbət təsir edir, həmçinin peşəkar artıma təkan verir. Odur ki, alimlər hiper optimizmi uşaqlar üçün çox yaxşı keyfiyyət hesab edirlər. Belə ki, bu, onlara iddialı məqsədlərə çatmaqda və qarşıya çıxan maneələri dəf etməkdə kömək edir.
Ülviyyə Fərhad