"Ülkər yana sallandı, demək, yaza nə qaldı..."
Bu gün Yaz fəsli ölkəmizə qədəm qoyur. Baharın, yeni mövsümün gəlişi münasibətilə qeyd etdiyimiz Novruz bayramı özündə xalqımızın milli dəyərlərini, mənəvi dünyasını birləşdirir. Qədim tarixi ilə seçilən Novruzu digər bayramlardan fərqli edən həm də maraqlı adət-ənənələridir.
Folklorşünas, filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova Ednews-a Novruz bayramının mahiyyəti, ritualları və tarixi barədə bir çox nüansları açıqlayıb. İ.Qəsəbova ilə etdiyimiz maraqlı müsahibəni təqdim edirik:
- İlhamə xanım, illər keçdikcə, zaman ötdükcə, sanki, Novruzu əvvəlki ab-hava ilə qarşılamırıq. Uşaqlığımızın Novruzu daha fərqli idi...
- Novruz adətləri qədimlərdən bu günümüzə cilalanaraq, müxtəlif forma və məzmun alaraq gəlib çıxıb. Amma dəyişməyən bir şey var ki, Novruz hər ilin martında gəlir. Günəşin torpağı, insanların da qəlbini isitdiyi bir vaxtda. Hələ Sovetlərin Novruzu qadağan etdiyi bir dönəmdə xalqımız gizli şəkildə əziz bayramını qeyd edirdi. Bunu qadağan etmək, unutdurmaq mümkünsüzdür. Haqlısınız, 1990-cı ilə qədər bu bayramı daha təmtəraqlı, böyük coşquyla keçirirdik. Yanvar faciəsi, Qarabağ hadisələrindən sonra bayramlarla bərabər xalqımız hüzn günlərini də qeyd etməyə başladı. Düşünürəm ki, yaşadığımız ağrılı günlərin milli bayramımız olan Novruzu qeyd etmə şəklinə təsiri oldu. Hər bir halda, Novruz azərbaycanlıların sevimli bayramıdır və xalq onu daim yaşadır.

- Novruzun mənşəyilə bağlı müxtəlif fikirlər səslənir. Bəziləri bunu türk xalqlarının ortaq bayramı kimi dəyərləndirir. Od ünsürünə görə isə Novruzu atəşpərəsətliklə, farslarla bağlayanlar da var. Bu barədə tarixi qaynaqlar bizə nə deyir?
- Novruz Orta Asiyadan güneyə, quzeyə doğru bütün türk xalqları arasında qeyd olunur. “Ergenekon” dastanından “Kitabi-Dədə Qorqud”a qədər türklərin bütün yazılı salnamələrində bu bayramın izlərinə rast gəlirik. Novruz türkün kompleks bayramıdır. Burada onun əxlaqi və milli dəyərləri, mədəniyyəti, adətləri, yaşam tərzi, məşğuliyyətləri, inanc sistemi öz əksini tapır. Məsələn, səməni göyərtmək torpağın oyanışına, həm də əkinçiliyin qədimdə önəmli məşğuliyyət növü olduğuna işarə edir. Novruz ərəfəsində bayrama 10-15 gün qalmış toxumluq buğdanı üç gün suya qoyarlarmış. Əgər yaxşı cücərsə, demək, torpaq bol məhsul verəcək, bərəkətli il olacaq. Üç gündən sonra buğdanı torpağa səpərlərmiş, verimliyini yoxlamaqçün. “Səməni, saxla məni, ildə göyərdərəm səni” – dua edirdilər, arzu tuturdular. İnanc var idi, kimin arzusu, niyyəti xalisdirsə, onun səmənisi daha gözəl çıxacaq. Quba zonasında bayramın 13-cü günü niyyət edib, səmənini axar suya buraxırdılar. Qərb bölgəsində isə eyni niyyətlə torpağa basdırırdılar. Səməni bərəkət rəmzi idi, onu ayaq altına atmaq olmazdı. Yazın gəlişilə canlanan bulaqların suyundan götürüb pendir düzətməkçün ilk dəfə maya tuturdular, bu da insanların maldarlıqla məşğul olduqlarından irəli gəlirdi. Yumurtaya naxış vurmaq, bəzəmək də Novruzun milli bayram olduğuna bir sübutdur. Bu adət özündə türk xalqlarının zəhmət tələb edən xalçaçılıq sənəti kimi qədim ənənələrə sahib olduğunu göstərir. Sovet dönəmində də Novruza atəşpərəstlik donu geydirirdilər, onu dinlə əlaqələndirənlər var idi. Novruzun bütün atributları, ritualları onun türk xalqlarının qədim milli bayramı olduğunu deməyə əsas verir.
- Novruz adətlərinin yerinə yetirilmə qaydası barədə mübahisəli məqamlar çoxdur. Məsələn, son vaxtlar papaq atmaq adəti ilə bağlı müxtəlif yanaşmalar ortaya çıxıb. Bəzilərinə görə, papaq türkün qeyrət rəmzidir, onu yerə, qapı ağzına atmazlar. Əvvəllər bu adət nə şəkildə idi?
- Keçmişdə bacalardan xurcun ya da qurşaq sallayırdılar. İndi evlərin bacası yoxdur. Qərb bölgəsində buna “baca payı” deyirdilər. Gənc oğlanlar bayram payı almaq, həm də adət bəhanəsilə sevdikləri qızın qapısını döyüb onunla görüşməkçün qurşaq atıb pay yığmağa gedirdilər. İnanırdılar ki, qapını üzlərinə açan istəkliləri olsa, bu il onunla evlənəcəklər. Bu gün papaq atanlar həddi-büluğa çatmamış uşaqlardır. Günümüzün “papaq atdı”sı ilə keçmişin “qurşaq sallama”sı fərqli mahiyyət daşıyır.

- Novruz bayramının adət-ənənələri çoxdur. Elə bir Novruz ritualı varmı ki, biz onu bilmirik və ya keçmiçdə mövcud olub, günümüzə gəlib çatmayıb?
- Novruzun maraqlı adətlərindən biri kəndirbaz oyunudur. Sonuncu çərşənbədə və ya bayram günü kəndirbazlar el-oba gəzib kəndin bütün gənclərini və uşaqlarını öz ətraflarına toplayırdılar. Kəndir üzərinə çıxıb maraqlı fəndlər nümayiş etdirirdilər. Kəndirbazlardan başqa, pəhləvanlar olurdu. Onların ətrafında mütləq qara zurna olmalı idi. Onun sədası altında cəngi çalınırdı, kənd əhalisi içində 40-45 yaşlarında seçilmiş 4-5 nəfər güləşir, güclərini nümayiş etdirirdilər. Bu da bayrama xüsusi ab-hava qatırdı. Təəssüf ki, bu gün kənd yerlərində bu adətlər icra olunmur. Bundan əlavə kəndlərdə lopa atmaq mərasimi var idi. Bu da kişilərə məxsus adət idi. Evdəki köhnə paltarları möhkəm çomağın başına dolayıb məftillə sarıyırdılar. Lopanı bir gün öncədən nöyütün içinə qoyurdular. Növbət gün şər qarışanda evdəki ocaqlarla bərabər ailə üzvlərinin sayına uyğun hərənin adına bir lopa yandırıb səmaya doğru atırdılar. Bu həm də göy üzünü aydınlatmaq, şər qüvvələri yandırmaq demək idi. İnanca görə, bayram günü dünyasını dəyişən insanlar öz evlərini ziyarətə gəlir, həyətdə dirəklərdən lopa asırdılar ki, ölənlərin ruhu öz evlərini rahat tapa bilsin. Lopa yandırmaq qədim türklərin od kultu ilə bağlıdır. Odu müqəddəs sayır, xeyirin şər üzərində qələbəsi kimi simvolizə edirdilər. Od Çərşənbəsi və bayramda tonqal qalayıb, üzərindən tullanırıq. Odun bütün dərdlərimizi, ağrı-acımızı götürəcəyinə inanırıq. Ocağın külünü ağacın dibinə tökürdülər ki, basdalanmasın. Qədim türk tayfaları hətta bir yerdən başqa yerə köç edərkən yandırdıqları ocağın külünü özləri ilə apararmışlar ki, yurd salacaqları yer bərəkətli olsun. Bayram günü çörək bişirilən sacın külünü də qonşuya vermirdilər, od evin ruzi-bərəkəti sayılırdı. Gətirdikləri sudan – “çilə suyu” suyundan aş dəmləyərdilər. Soyuyandan sonra bar verməyən ağacın dibinə atırdılar ki, bar versin. Qarabağ bölgəsində bayram günü kolun dibinə yumurta qoyurdular ki, həmin il toyuq-cücə çox olsun. Unudulan Novruz adətlərindən biri də qatara yumurta düzməkdir. Qərb bölgəsində daha məşhurdur. Bunu da yenə xüsusi bacarığı olan oğlanlar icra edirdi. Bir nəfər başçı seçilirdi. 10-15 nəfər sırayla öz yumurtasını düzürdü. Yumurtasının bərkliyinə əmin olan kəs bir-bir digər yumurtaları sındırırdı. Sınan yumurtanı da özünə götürürdü. Axşam evə bir vedrə yumurta ilə qayıdanlar olurdu. Yumurta həm də dirilişdir, yeni həyatdır. Novruz bayramı da insanlarçün yeni gün, təbiətə yeni nəfəsdir.

- Düzdür, bu gün sadaladığınız bayram adətlərini yerinə yetirmirik. Amma inanırıq ki, bu il ölkəmiz, xalqımız üçün uğurlu olacaq.
- Mən də bütün dünya azərbaycanlılarının və türk dünyasının Novruz bayramını təbrik edirəm. Bayram tonqallarını Qarabağımızda yandırmağı bizlərə müvəffəq edən şəhidlərimizin ruhuna, qazilərimizin sağlığına hər zaman duaçıyıq.
Törə Zeynallı