Ölkədə 3500 manat və baha qiymətə satılan iPhone15 Pro Max-ın istehsal xərcinin cəmi 558 dollar olduğu üzə çıxıb. Bəs ümumiyyətlə, Azərbaycanda xaricdən gələn elektron malların qiyməti nəyə görə bahadır?
Dövlət Gömrük Komitəsi tərəfindən tətbiq edilən rüsumlar nəyə əsasən tətbiq edilir?
Məsələ ilə bağlı iqtisadçı professor Elşad Məmmədov Ednews-a açıqlamasında bildirib ki, bu istiqamətdə effektiv siyasətin həyata keçirilməsi vacibdir:
“Daxili bazarda qiymət artımına səbəb olan amilləri mümkün qədər aradan qaldırılmasına ehtiyyac var. Yəni, o məhsullar ki, Azərbaycanda istehsal olunmur və yaxın müddət ərzində Azərbaycanda istehsalı gözlənilmirsə bu cür məhsulların gömrük rüsumlarının yüksək olması bir çox sahəyə mənfi təsir edir. Həm əhalinin alıcılıq qabiliyyətinə həm daxili bazardakı ümumi vəziyyətə həm də inflasiyaya səbəb olur. Mən demirəm ki, sonuncu marka iphone 15 pro max alan insanlar üçün xusisi güzəştlər medilsin. Söhbət ondan gedir ki idxal rüsümlarına məruz qalan mallar təkcə bahalı telefonlardan deyil. Ümumiyyətlə, ölkədə istehsal olmayan bir markanın xaricdən idxal olunması istehsal dəyərindən dəfələrlə çox qiymətlə satışa çıxarılır”.
İqtisadçı ekspert Elşad Məmmədov Gömrük Dövlət Komitəsi tərəfdən xaricdən gələn mallarla bağlı rüsumlarda dəyişikliklər edilməli olduğunu qeyd edib:
“Vurğulamaq istəyirəm ki, idxalın əvəz olunması mümkün olmayan məhsulların gömrük rüsumlarının qiymətləri ilə bağlı köklü dəyişikliyə getmək lazımdır. Neftin qiymətinin artıb azalması Azərbaycan iqtisadiyyatında həll edici rol oynuyur. Lakin gömrük rüsumlarında qiymətlərlə bağlı müsbət dəyişikliklər büdcə siyasətinə və makroiqtisadiyyatımıza mənfi təsir etməyəcək”.
Xəyal Ramiz