Fransanın Xarici İşlər naziri Stefan Sejorn Fransanın Ermənistana davamlı dəstəyinin təmin ediləcəyi açıqlayıb. Siyasətçi bildirib ki, Ermənistan rəsmi Parisin diqqət mərkəzində olan xüsusi dövlətlərdəndir.
Fransanın Ermənistan vasitəsilə Cənubi Qafqazda apardığı siyasətin nəticəsi necə ola bilər?
Mövzu ilə bağlı Ednews-a danışan siyasi ekspert Turab Rzayev bildirib ki, Fransa Azərbaycanla, eləcə də Cənubi Qafqazla özünün bəzi keçmiş müstəmləkələri kimi rəftar etmək istəyir.
“Aydın məsələdir ki, Fransa Cənubi Qafqazda müharibəni yenidən alovlandıraraq bu addımları atır. Məqsəd isə, Ermənistanda möhkəmlənməkdir. Fikrimcə, Fransa rəhbərliyi bu addımı Rusiyanın zəifləməsindən istifadə etmək ümidləri ilə atır. Ermənistanın İkinci Qarabağ müharibəsindən sonra qərarsız siyasəti də əlbəttə ki, buna şərait yaradıb. Moskva ilə zəif əlaqələr Ermənistanın müharibədən sonra ilk səhvi idi. Hazırda İrəvan rəhbərliyi Fransaya lazımından artıq bel bağlayır. Rusiyanı onu yarı yolda qoyması ilə qınayan Paşinyan rejimi indi Fransız maraqlarının güdazına gedə bilər. Fransa dünyanın bir çox dövlətlərini özündən asılı hala salmaq kimi bir xüsusiyyətə malik olan müstəmləkəçi dövlətdir və bunu İrəvan çox yaxşı bilir. Bəs niyə bu halda Ermənistan region dövlətləri ilə sağlam əlaqələr yaradaraq xalqının rifahına xidmət etmir? Çünki, hazırki höküməti sadəcə olaraq önümüzdəki bir neçə ili nəzərdə tutaraq addımlar atır”.
Ermənistanın Fransadan silah almasını siyasi kompromis adlandıran politoloq bunun digər Qafqaz dövlətlərinə də təsir edəcəyini də bildirib.
“Məsələ burasındadır ki, Ermənistanın Fransanı özünə bu qədər yaxın buraxması digər Cənubi Qafqaz ölkələrinə də təsir edə bilər. Regionda onsuz da illərdir davam edən siyasi problemlər mövcuddur. Bura fransız silahlarını yerləşdirilməsi Parisin Ermənistandakı hakimiyyət zəifliyindən istifadə edərək Qafqaza çıxış yolu tapması deməkdir. Elə buna görə də Paşinyan öz siyasi idarəsi ilə daha balanslı münasibətlər yaratmalı idi. Amma, indi biz nəticə olaraq görürük ki, İrəvan Fransaya kompromislər edir. Bunun bütün Qafqaz ölkələrinə təsir etməyəcəyi qarantını isə verə bilmir”.
Fərid