Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin 5-ci nəsil KAAN döyüş təyyarəsi ilk uçuşunu həyata keçirib. Həmin bu uçuş sınağı əvvəllər dekabrın sonlarına planlaşdırılsa da, dəfələrlə təxirə salınıb və artıq 2028 - ci ildə Türkiyə ordusunun ilk döyüş təyyarəsini alması planlaşdırılır. Burada isə qeyd etmək yerinə düşər ki, həmin bu təyyarələr Pakistanın ilə əməkdaşlıqla istehsal edilib.
Bu əməkdaşlıq çərçivəsində bu döyüş təyyarələrinin istehsalı Türkiyə və onun müttəfiqləri üçün nə vəd edir?
Ednews - a açıqlamasında pakistanlı ekspert, Cənubi Asiya və Beynəlxalq Araşdırmalar Mərkəzinin icraçı direktoru Mahmud Ulhəsən Xan bu hadisənin Azərbaycan, Türkiyə və Pakistan müttəfiqliyi üçün önəmini vurğulayıb:
"Burada qeyd etmək yerinə düşər ki, KAAN-ın istehsalı layihəsi səkkiz il əvvəl başlanıb. Zənnimcə, aerokosmik sahədə Türkiyə üçün bir möcüzə əldə edildi. Beşinci nəsil döyüş təyyarəsinin ilk sınaq uçuşu ilə Türk Aerokosmik Sənayesi (TAS) böyük bir mərhələyə imza atdı. Bu hadisə Türkiyəni Müsəlman Dünyasında ilk və bu texnologiyaya sahib olan bir neçə ölkədən biri edir. Şübhəsiz ki, Kaan Türkiyənin hava qüvvələrini təkmilləşdirəcək və yaxın günlərdə köhnə F-16 təyyarələrini dəyişdirəcək. Hərçənd burada məqsəd Rusiya və ABŞ – a olan aslılığı azaltmaqdır. Türkiyə döyüş təyyarəsi istehsal edən ölkə kimi yüksəlir.
Bir sıra tənqidi təhlillər yazır ki, beşinci nəsil qırıcı təyyarələrin yaradılması həmişə geniş təcrübə və resurslar tələb edən mürəkkəb bir layihədir. Lakin Pakistan və Azərbaycanla əməkdaşlıq, Türkiyəyə bu dövlətlərin resurslarını və texnoloji təcrübələrini birləşdirməyə, maliyyə yükünü bölüşdürməyə imkan verir. Ümid edirik ki, Kaan istehsalı bu üç qardaş ölkənin aerokosmik imkanlarını daha da gücləndirəcək".
Əkbər Novruz