Hazırda Azərbaycanla Ermənistan arasındakı sülh prosesi gündəmdə yerini qorumaqdadır. Prosesdə ABŞ-ın fəallığı müşahidə edilir. Ağ Evin bu prosesdə israrlı mövqeyinə səbəb nədir? Vaşinqton bölgədə formalaşacaq sülh müstəvisində nə dərəcədə təsirli ola bilər? Vaşinqtonun fəallığı fonunda Moskvanın bölgə ilə bağlı mövqeyində nə kimi dəyişikliklər gözlənilir?
Məsələ ilə bağlı rusiyalı politoloq Sergey Stankeviç Ednews-a açıqlamasında bildirib ki, ABŞ-ın Qafqazda müsbət və konstruktiv maraqları yoxdur:
“Amerikanın bölgədə nə əhəmiyyətli ticarəti, nə də əhəmiyyətli investisiyası var. Vaşinqtonun Qafqazdakı strategiyası (Demokratik prezidentlər dövründə) əsasən böyük regional güclər İran və Rusiyanı sıxışdırmaq və onlara düşmənçilik etmək olub. Bunun üçün əvvəlcə Gürcüstandan tramplin kimi, son vaxtlar isə Ermənistandan istifadə edilib. Gürcüstan, deyəsən, müştəri dövlət rolundan və münaqişə aləti rolundan imtina edir. Bu baxımdan ABŞ Baş nazir Paşinyanın ehtiyatsızlıqdan təhlükəli geosiyasi flörtlərə tab gətirdiyi Ermənistanı getdikcə daha çox vasitəçiləşdirməyə çalışır. Bu sevgi hekayəsindən ciddi bir şey çıxacağını düşünmürəm. ABŞ-da seçkilərdə qalib gələn respublikaçılara Qafqazda macəralar lazım deyil”.
Xəyal Ramiz