Türkiyənin tanınmış siyasi analitiklərindən sayılan İbrahim Karagül Azərbaycanla Ermənistan arasında yeni savaşın olacağı barədə iddia ilə çıxış edib. O “X” sosial şəbəkəsində paylaşdığı statusda yazıb ki, bu payız, ya da qışa doğru Ermənistanla Azərbaycan arasında ikinci böyük müharibə başlaya bilər. Potensial müharibə ehtimalına ekspertlər nə düşünür?
Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Ednews-a açıqlamasında qeyd edib ki, vəziyyət kifayət qədər gərgindir:
“Ermənistanın son davranışları vəziyyəti kifayət qədər gərginləşidirib. Avropanın yardımlarından və hərbi dəstəyindən cəsarətlənən Ermənistan Azərbaycana qarşı təxribatlarının miqyasını genişlənidirib. Baş verən son hadisələr onu göstərir ki, Ermənistan artıq müharibə hazırlığındadır. Təbii ki, Ermənistanın bu müharibə hazırlıqlarına və mövcud təxribatlarına Azərbaycan tərəfi davamlı olaraq təmkinlə yanaşa bilmiyəcək. Böyük ehtimalla növbəti təxribatlardan birinə Azərbaycan tərəfi çox adekvat və təsirli cavab verəcək. Azərbaycan tərəfi Ermənistanla anlaya biləcək dildən danışacaq”.
Deputat Rasim Musabəyov isə mövzuya fərqli cür fikir bidirib:
“Mənim düşüncəmə görə istər yaxın istərsə də gələcək zamanda Ermənistanla müharibə gözlənilmir. Çünki Ermənistanın Azərbaycanla müharibə aparmağa nə siyasi, nə iqtisadi, nə də hər hansı bir potensialı var. Həmçinin Ermənistanın Rusiya ilə münasibəti və Ukrayna-Rusiya müharibəsi də buna imkan vermir”.
Xəyal Ramiz