Qırğızıstanın Çuy vilayətinin İssık-Ata rayonunda dağ gölünün bəndinin uçması səbəbindən 950 nəfər təxliyə edilib.
“EDnews” xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Çuy vilayətinin İssık-Ata rayonunda yüksək dağlıq "Takır-Tor" gölündə suyun həcmi təqribən 450-500 min kubmetrə çatıb. Nəticədə bənd uçaraq daşqınlara səbəb olub. Fövqəladə Hallar Nazirliyinin Çuy vilayəti üzrə İdarəsinin əməliyyat qrupu İssık-Ata rayonunun Evakuasiya Komissiyası ilə birlikdə 950 nəfəri təxliyə edib", - nazirlik bildirib.
Bəndin dağılması həmin rayonda iki kənd arasında körpünün dağıdılmasına səbəb olub, burada yolun bir hissəsi ilə hərəkət kəsilib. Fəlakətin nəticələrinin aradan qaldırılması üçün onların yaxın rayonlarının mütəxəssisləri cəlb olunub. Vəziyyət fövqəladə hallar naziri Boobek Ajikeyevin nəzarəti altındadır.
Təxliyə edilənlər iki qonşu kəndə aparılaraq məktəblərə, məscidlərə, mədəniyyət evlərinə və internat məktəbinə yerləşdirilib.