ABŞ-ın ATƏT-in Minsk Qrupundakı yeni həmsədri Andrü Şofer bu həftə İrəvan və Bakıya səfər edəcək və bölgədə vəziyyətlə tanışlıq məqsədilə rəsmilərlə görüşlər keçirəcək.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bölgədə olduğu zaman A.Şofer Minsk Qrupunun digər həmsədrləri ilə yüksək səviyyəli görüşlərdə iştirak edəcək.
Səfirliyin açıqlamasında daha sonra deyilir: "Dağlıq Qarabağ münaqişəsinin danışıq yolu ilə həllini dəstəkləyən və ATƏT-in Minsk Qrupunun həmsədri olan Birləşmiş Ştatlar tərəflərlə fəal şəkildə işləyəcək. ABŞ-ın Minsk Qrupundakı həmsədri Şofer Birləşmiş Ştatların uzunmüddətli və Minsk Qrupunun həmsədrləri tərəfindən təkan verilən mövqeyini dəstəkləyir. Bu mövqeyə əsasən ədalətli həll yolu Helsinki Yekun Aktının, gücün və ya güc təhdidlərinin istifadə olunmaması, ərazi bütövlüyü və bərabər şəkildə öz müqəddəratını müəyyənləşdirmə prinsiplərini daxil edən beynəlxalq qanun əsasında qərarlaşmalıdır".