Bu gün Ankarada kritik bir görüş var. İran prezidenti Həsən Ruhani və Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın qonağı olacaq.
Bu gün axşam baş tutması gözlənilən toplantı 3 lider arasında keçiriləcək sayca beşinci "Suriya Zirvəsi" olacaq. Toplantıda Suriyada baş verən son hadisələr liderlər tərəfindən müzakirə ediləcək.
Qeyd edək ki, zirvəyə qatılmaq üçün Həsən Ruhani bir gün əvvəl Ankara gəlib. Vladimir Putinin isə bu gün Ankaraya gələcəyi gözlənilir.
Zirvənin əsas gündəmi İdlib krizisi olacaq. Belə ki, Suriyada Bəşər Əsəd qüvvələrinin və Rusiya hərbi hava qüvvələrinin atəş altında saxladığı İdlib vilayətindən artıq bir milyona yaxın vətəndaş çıxıb və Türkiyə sərhəddinə yaxın ərazilərdə yerləşib. Bu günkü zirvədə Ərdoğan yeni bir qaçqın axını ilə qarşılaşmamaq üçün Suriya mövzusunda əməkdaşlıq etdiyi Rusiya və İran liderləri ilə uzlaşmağa çalışacaq.
Toplantıda həmçinin Türiyənin ABŞ-la birgə Fərat çayının şərqində formalaşdırdığı "təhlükəsiz bölgə", Münbiç və Tel-Rifatda baş verən hadisələr və Suriyadakı siyasi keçid prosesi müzakirə ediləcək.