Azərbaycan raket qüvvələrinin hərbi hissəsinin açılışında Belarusiyanın raket sistemi Polonez ilə yanaşı İsrailin ən müasir “LORA” operativ-taktiki raket sistemlərini nümayiş etdirdi. Azərbaycan İsrailin LORA raket sistemlərini (Uzun mənzilli ballistik raket sistemi) alan ilk ölkə oldu. Bu yaxınlarda İsrail konserni Taasiya Avrit ("Aviasiya sənayesi") Aralıq dənizində LORA kompleksinin ultra dəqiqlikli qısa mənzilli ballistik raketinin uğurlu sınaqlarını həyata keçirdi. Bu raketlərin nə qədər effektiv olması, Ermənistanla İsrail arasında hərbi əməkdaşlığın mümkün olub-olmadığı barədə İsrail Müdafiə Nazirinin keçmiş müavini Efraim Sneh Vzglyad.az-ın suallarını cavablandırıb.
Onun sözlərinə görə, LORA əməliyyat-taktiki raket sistemi "İskəndər"lə oxşar imkanlara malikdir.
“Azərbaycan bir neçə ildir ki, “İsgəndər” raketi ilə silahlanmış düşmənin hücumunu dəf etmək üçün effektiv silah əldə etmək hüququna malikdir. Fəxr edirəm ki, İsrail bu məsələdə Azərbaycana kömək edə bilər. Mərhum ümummilli lider Heydər Əliyevlə 1993-cü ilin dekabr ayındakı ilk görüşüm, sonrakı illərdə etdiyim çoxsaylı rəsmi və işgüzar səfərlərim barədə düşünəndə və mövcud vəziyyəti müqayisə etdikdə müttəfiqliyimizdən böyük məmnunluq hissi keçirirəm.
Ancaq Azərbaycan-İsrail münasibətləri hərbi əməkdaşlıqdan başqa digər sahələri də əhatə etməlidir, dostluğumuzu yalnız hərbi əməkdaşlıqla məhdudlaşdırmamalıyıq. Ölkələrimiz arasında əməkdaşlıq dinamikası ürəkaçandır, amma istərdim ki, daha çox mülki sahədə, məsələn, mədəniyyət sahəsində, elmi qurumlar səviyyəsində, texnoloji sahədə də əməkdaşlıq olsun”, E.Sneh bildirib.
İsrailin müdafiə nazirinin keçmiş müavini koronavirus pandemiyası bitdikdən sonra iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişlənəcəyinə ümid etdiyi deyib.
“Azərbaycana səfər edən İsraillilər çox müsbət emosiya və xatirələrlə vətənə dönürlər. Azərbaycan sadəcə heyrətamiz ölkədir. Hesab edirəm ki, İsraildən Azərbaycana gələn turistlərin sayı artmalıdır", E.Sneh deyib.
Ermənistanın hərbi əməkdaşlıq qurmaq üçün İsraildə səfirlik açmaq cəhdlərindən danışarkən Efraim Sneh İsraildə səfirlik açmaq istəyən istənilən ölkənin bu addımının müsbət qarşılandığını söyləyib.
“Azərbaycan İsrailin dostu və müttəfiqidir. Nə qədər ki, Azərbaycan ərazisi işğal altındadır, ümid edirəm ki, heç bir İsrail hökuməti Azərbaycanın düşmənləri ilə hərbi əməkdaşlıq edəcək qədər mənəviyyatsız və məsuliyyətsiz olmaz”, deyə E.Sneh sonda qeyd edib.