Xəbər verdiyimiz kimi Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Aykut Ərdoğdu Azərbaycan əleyhinə ittihamedici açıqlamalar verib. Azərbaycan Xarici İşlər Nazirliyi bu açıqlamalara sərt reaksiya verib və CHP-dən üzrxahlıq gözlədiklərini bildirib.
“Doğrusu, Azərbaycan Xarici İşlər Nazirliyinin haqqımdakı bəyanatı və haqqımda yazılanlar, deyilənlər məni məyus etdi. Azərbaycanın Türkiyədəki səfiri mənə zəng edib, narazılığını bildirsəydi, məqsədim bu deyil deyib, dərhal yazımı düzəldərdim. Biz qardaşıq, hətta Azərbaycan XİN-i məni ittiham etsə, mən məyus olsam da Azərbaycandan, azərbaycanlılardan küsə bilmərəm”.
Türkiyəli millət vəkili həmçinin qeyd edib ki, mən yazılarımda nə cənab İlham Əliyevi, nə Azərbaycan hökumətini, nə də Azərbaycan xalqını hədəfə almışdım.
“Mənim hədəfimdə müxalif olduğum hökumət var idi. Mən bilirəm ki, azərbaycanlıların bu məsələdə heç bir günahı yoxdur. SOCAR bizim üçün, Türkiyə üçün çox vacib bir şirkətdir. Ərdoğanla siyasi mübarizə aparıram. Əgər mənim açıqlamalarımdan bir nəfər belə olsun azərbaycanlı inciyibsə çox məyus olaram”.
A.Ərdoğdu açıqlamasında onu erməni lobbisi ilə əməkdaşlıqda ittiham edənlərə belə cavab verib:
“Məni erməni lobbisi ilə əməkdaşlıqda ittiham edirlər. Çox inciyirəm. Mənim əslim Ərzurumdan, Qarsdandır. Mənim babalarımı ermənilər qətl edib. Mən necə ermənilərlə əməkdaşlıq edə bilərəm? Heç kim bunu deyə bilməz”.
Ərdoğdu partiyasının Azərbaycana qarşı mövqeyini isə belə izah edib:
“Bizim partiya iqtidara gəldikdən sonra da biz Azərbaycanı dəstəkləməyə, müttəfiqlik münasibətlərini inkişaf etdirməyə çalışacağıq. Partiyamızda kimin, nə vaxt, nə deməsinin heç bir əhəmiyyəti yoxdur. Azərbaycan Türkiyə üçün strateji əhəmiyyətə malik, müttəfiq, qardaş ölkədir. Şuşa bəyanatı Türkiyə parlamentində müzakirəyə çıxarılanda bizim partiyamız yekdilliklə lehinə səs verdik. Partiyamızın Azərbaycana qarşı mövqeyi bundan ibarətdir”.
Nicat İsmayılov