Rus sülhməramlı dəstələri işğaldan azad olunan ərazilərdəki yerli camaatın gediş-gəlişinə maneçilik törətməyə başlayıb.
Belə ki, həmin ərazilərə gedib-gələnlər sülhməramlıların süründürməçi əməllərindən şikayət ediblər. Sakinlər deyir ki, çətin dağ şəraiti olan yollarda onların yükləri guya yoxlamaq məqsədilə avtomobillərdən boşaltdırıb bir-bir müsadirə edirlər. Bu vəziyyət həm gediş, həm də gəliş zamanı eyni şəkildə təkrar olunur. Hava şəraiti də nəzərə alınsa, bir çox kənd təsərrüfatı məhsulları bəzən yolda uzun müddət saxlanılma səbəbindən ziyan olur.
Politoloq Qabil Hüseynlinin fikrincə, Rusiya tərəfi bununla Azərbaycana psixoloji təzyiq göstərməyə çalışır.
“Rusiya bununla həm ermənilərə, həm də Azərbaycana bildirmək istəyir ki, Qarabağ ərazilərində söz sahibi odur. Bununla rəsmi Kreml bir növ həm də Azərbaycan tərəfinə xəbərdarlıq edir. Halbuki, bu Azərbaycanın suverenlik hüququna qarşı bir hörmətsizlikdir. Bu, Azərbaycanın öz ərazisində sərbəst hərəkət etməsinə xüsusi əngəllər yaratmaqdır. Həmçinin bu, həmin ərazilərin Azərbaycana mənsub olub- olmaması barədə müəyyən polemikalar yaratmaq cəhdidir. Rusiya bu cür hərəkət etməyə vərdiş edib və bunu bu gün regionda da sərgiləyir”.
Politoloq, həmçinin qeyd edib ki, bu yolla Azərbaycan tərəfini provokasiyaya da cəlb etmək istəyirlər.
“Bununla da, regionda savaşı yenidən alovlandırmaq istəyirlər. Düzdür, Azərbaycan döyüşə hər zaman hazırdır, lakin biz ruslarla hələ ki, savaşmaq istəmirik. Halbuki, rusların həmin ərazilərdə qoruyub saxladığı erməni yaraqlılarını hər zaman oradan təmizləməyə imkanımız var”.
Politoloq Qabil Hüseynli yaranan vəziyyətdən çıxış yolu olaraq, Azərbaycan hökumətinin bunun qarşısını almaq üçün görə biləcəyi tədbirlərdən bəhs edib.
“Yaxın gələcəkdə Azərbaycanın Zəngəzur, Kəlbəcər və digər ərazilərinə yeni salınan yollar istifadəyə veriləcək və həmin yollardan da hərəkət etmək mümkün olacaq. Buna baxmayaraq biz, rusların hərbə-zorbasından çəkinərək, öz suveren ərazimizdə gəzə bilməməyi özümüzə sığışdıra bilmərik. Buna görə də, hər şeydən öncə rəsmi Bakı Moskva ilə danışıqlar aparmalıdır və onlara xəbərdar edilməlidir ki, sülhməramlılar onlara mandatı ilə verilmiş səlahiyyətləri aşmasın. Çünki onların bu hərəkəti Azərbaycanın iqtisadi dirçəlişi naminə həmin ərazilərdə görülən işlərinə mane olur”.
Politoloq danışıqların baş tutmayacağı təqdirdə həmin ərazilərə gedən hər bir avtomobili hərbi səlahiyyətli şəxslərin müşaiyət etməsinə zərurət yaranacağı haqqında da söz açıb.
“Hesab edirəm ki, əgər Moskva Azərbaycanın danışıqlarda sözünü dinləməsə, Azərbaycan bunu hərbi yolla həll etməli olacaq. Məsələn, həmin ərazilərə gedib-gələn hər bir avtomobili hərbi kolon müşayət etməlidir. Hərbçilərimiz yolda sülhməramlı dəstələrinə onların mandatı pozduqları təqdirdə qarşı tərəfə atəş açıla biləcəyi ilə bağlı xəbərdarlıq etməlidir. Onlar bilməlidirlər ki, qoyulan protokola əməl etmədikdə, mütləq şəkildə buna görə cavab verməlidirlər. Yaranan gərgin vəziyyətə görə isə yalnız Rusiya məsuliyyət daşıyacaq”.
Elnur Ənvəroğlu