“Heç kəs Putinə nüvə silahından istifadə etməyə imkan verməyəcək”.
Bu sözləri Ednews-a açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibə ilə əlaqədar nüvə silahından istifadə ilə bağlı çıxışını şərh edərkən bildirib.
Onun sözlərinə görə, əvvəlki dövrlərə nisbətən nüvə müharibəsi təhlükəsi artıb.
Nüvə silahı icad ediləndən bəri bəşəriyyət daima nüvə müharibəsi təhlükəsi altında olub. Bu, həqiqətən, böyük bir təhlükədir. Əlbəttə, zaman çərçivəsində nüvə silahından istifadə etməklə bağlı təhdid xarakterli bəyanatlar gah güclənib, gah da zəifləyib, amma bu gün ümumi vəziyyətə baxanda hesab edə bilərik ki, nüvə müharibəsi təhlükəsi daha çox hiss olunur.
Politoloq qeyd edib ki, Rusiya rəhbərliyi nə qədər çabalasa da Ukraynada heç bir nailiyyətə müvəffəq olmayacaq.
“Putin qismən səfərbərlik elan etsə də, referendum keçirib işğal olunan Ukrayna ərazilərini Rusiyaya birləşdirsə də, lap elə Qərb dövlətlərini nüvə silahı ilə təhdid etsə də, heç bir müvəffəqiyyətə nail olmayacaq. Rusiyada yaxşı bilirlər ki, nüvə müharibəsi bəşəriyyətin sonu deməkdir. Bu iki vur iki kimi həqiqətdir. Nə Rusiyada, nə qərbdə, nə də dünyanın digər dövlətlərində Putinə heç vaxt imkan verməzlər ki, nüvə silahından istifadə edib bəşəriyyəti və insanlığı məhv etsin. Sadəcə olaraq Putin ABŞ və Avropa ölkələrini şantaj edir, təhdid eləyir. Yaxşı bilirik ki, konvensianal silahlara malik olan Rusiya Ukraynada məğlubiyyətə uğrayır, geri çəkilir. Buna görə də Putin qərara gəlib ki, nüvə silahı ilə hamını təhdid eləsin. Qərb də bunu çox yaxşı anlayır, onlar heç vaxt Putinə və onun bandasına güzəştə getməyəcəklər”.
Sonda Zərdüşt Əlizadə bildirib ki, Qərb müxtəlif siyasi və iqtisadi üsullarla Rusiyanı zəiflətməyə davam edəcək, Putin hakimiyyətinin sonuna zəmin yaradacaq.
Yunis Abdullayev