“Azərbaycanda İranın dini-siyasi cərəyanına xidmət edən şəbəkələr ilə ciddi şəkildə mübarizə aparmaq lazımdır”.
Bu sözləri Ednews-a açıqlamasında politoloq Cümşüd Nuriyev İranın ölkəmizdə təsir imkanlarını şərh edərkən bildirib.
Söhbət zamanı o, qeyd edib ki, İslam Respublikasının dini dairələrinə və kəşfiyyatına xidmət edən ünsürlər ölkəmizin müstəqilliyinə və təhlükəsizliyinə təhdid törədirlər.
“Azərbaycanda İran şivəsində danışan, İranın şiəçilik dəsti-xəttini təbliğ edən və islamı təriqətlərə bölən kifayyət qədər adam var. Məqsədyönlü şəkildə Quranda olmayan ayələri yayan və saxta hədislərin yayılması ilə məşğul olan bu insanlar dövlətimizin əlehinə açıq-aydın bəyanatlar verirlər, təhdidlər edirlər. Əlbəttə, Dövlət Təhlükəsizlik Xidmət belə ünsürlərə qarşı mübarizə aparır və bir çoxları həbs edilib. DTX-ın bu istiqamətdə anti-terror əməliyyatları təqdirəlayiqdir. Lakin ölkəmizdə İranın dini-siyasi təbliğatına qarşı digər ciddi tədbirlər də görülməlidir”.
Bu istiqamətdə görülməsi lazım olan tədbirlərə münasibət bildirən Cümşüd Nuriyev hesab edir ki, ölkəmizdə dini təbliğ edən sosial şəbəkələr və internet saytları nəzarətə götürülməlidir.
“Sosial şəbəkələr, xüsusilə Facebook, İnstaqram və Youtube-da kifayyət qədər İranyönümlü profillər fəaliyyət göstərir. Bu profillərdə İslam Respublikasının lehinə, dövlətimizin isə əleyhinə təbliğat aparılır. Dövlət siyasətimiz və xalqımız haqqında iftiralara və çağırışlara yer verilir. Eyni zamanda bura internet saytlarını da daxil etmək lazımdır. Həmin saytların abunəçiləri və istifadəçiləri İslami dinini bilərəkdən bölür və İranda guya həqiqi İslam dininin olduğunu bildirirlər. Əslinə qalsa, İranda İslamın bir nüməsi belə yoxdur”.
Politoloq Azərbaycanda İslam Respublikasının təbliğatını aparan televiziyaların yayımının dayandırılmasını da zəruri hesab edib.
“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, o cümlədən internet şirkətlərində xüsusi məsul şəxslər təyin olunmalıdır ki, onlar İranın təbliğat maşının ictimaiyyətimizə təsir imkanlarını məhdudlaşdırsınlar. Bütün var gücü ilə dövlətimizə təhdid yaradan və xarici qüvvələrin maraqlarına xidmət edən profillər, internet saytları və televiziyaların fəaliyyətini dayanardırmalıdır".
Sonda Cümşüd Nuriyev İran təbliğatçılarının saxta xəritəsinə də toxunub.
“İndi bu ünsürlər xəritə yayıblar ki, guya Qüdsün yolu Bakıdan keçir. Gör nə qədər düşüncəsiz və məntiqsiz fikirlər yayırlar. İranın dini-siyasi rəbərləyi bir tərəfdən bizi hədələyir, digər tərəfdən isə Ermənistanın sərhədlərini qırmızı xətt hesab edirlər. İndi də məlum olub ki, erməni terrorçusu Monte Melkonyan İran kəşfiyyatı ilə birgə işlər görüb”.
Yunis Abdullayev