“Yaşımız etibarilə 20 Yanvarda baş verənləri çox yaxşı xatırlayırıq”.
Ednews xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva səsləndirib.
“Həmin iki gündə atamın saçlarının necə ağardığının şahidi oldum. Çünki tələbə qardaşımı tapa bilmirdik. Bütün əlaqələr kəsilmişdi, radio və televiziya yayımları dayanmışdı. Rabitə də bugünkü kimi deyildi. Hər yerdən ağır xəbərlər gəlirdi, insanlara, avtobuslara atəş açıldığı deyilirdi. Baş verənlər dəhşətli qətliam idi”, - deyə deputat əlavə edib.
Qənirə Paşayeva həmin günlərdə Ulu Öndər Heydər Əliyevin baş verənləri dünyaya çatdırmasından da danışıb:
“Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyinə gəlib, Sovet rejiminin törətdiyi cinayətləri dünyaya duyurmasından sonra özümüzü daha güvəndə hiss edirdik. Çünki heç kimin doğru məlumat almasına imkan verilmirdi. Amma Ümumilli liderimiz həyatı bahasına dünyaya həqiqətləri çatdırdı. Həmin vaxt onu öldürə də bilərdilər”.
Qənirə Paşayeva SSRİ-nin dağılmasının məhz Azərbaycandan başladığını qeyd edib.